“TikTok”da bir-birilərini söydülər, Bakıdan Şəmkirə “söhbət”ə getdi, əlini bıçağa atdı
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Qasım Qasımovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
İttihama görə, hadisə 31 mart 2023-cü il tarixdə Şəmkir rayonu ərazisində qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü Qasım Qasımovla olaydan təxminən 7-8 ay əvvəl, istintaqa məlum olmayan tarixdə həmkəndlisi, zərərçəkmiş Valeh Məmmədovun (şərti) ailəsi arasında münaqişə yaranıb. O, 2023-cü ilin 25-26 mart tarixlərində “TikTok” sosial şəbəkəsində olan şəxsi istifadəsindəki profilindən qarşılıqlı olaraq zərərçəkmişlə bir-birilərinə nalayiq ifadələr işlədib.
Daha sonra Qasım Valehin dəvəti ilə görüşüb məsələyə aydınlıq gətirmələri məqsədilə 31 mart 2023-cü il tarixdə Bakı şəhərindən Şəmkir rayonuna gəlib. O, həmin gün saat 19 radələrində Şəmkir rayonu, Kür qəsəbəsinin girişində yerləşən “Üç yol” adlanan ərazidə zərərçəkmiş şəxslə görüşüb, bir neçə gün əvvəl ona nalayiq ifadələr işlətməsinə iradını bildirib. Bu zaman onların arasında mübahisə yaranıb. Daha sonra Valeh Qasımın sol gözünün alt hissəsinə yumruqla bir neçə dəfə qəsdən vurub. Zərərçəkmişin tanışları onları ayırıblar. Daha sonra tərəflər Şəmkir rayonu, Keçili kəndinin ərazisindən keçən Şəmkir çayın yaxınlığında görüşmək qərarına gəliblər. Həmin tarixdə, saat 20 radələrində Qasım yeznələri ilə birlikdə qeyd olunan əraziyə gedib. Zərərçəkmiş şəxs də ora tanışları ilə birlikdə yollanıb. Yenidən dava zamanı Qasım üzərində olan bıçaqla Valehi qəsdən bir dəfə vuraraq, ona xəsarət yetirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. İstintaq dövründə Qasım Qasımovun barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilib.