ÜST tərəfindən jurnalist və influenserlər üçün “İnfodemiyanın İdarəolunması” mövzusunda təlim keçirilib - FOTO
Sentyabrın 26-27-də jurnalistlər və sosial media fəalları üçün “İnfodemiyanın İdarəolunması” üzrə təlim təşkil edilib.
Mozalan.az xəbər verir ki, təlim Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Vaksinasiyaya Dəstək” layihəsi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyədə Fövqəladə Hallar Proqramı çərçivəsində həyata keçirilir. Məqsəd Azərbaycanda peyvəndlər də daxil olmaqla sağlamlıq mövzuları ilə bağlı geniş yayılmış yanlış məlumat və miflərlə mübarizə yollarını təkmilləşdirməkdir. Eyni zamanda, ictimai səhiyyə sahəsində elmi əsası olmayan məlumatların insanların sağlamlığına mənfi təsirini aradan qaldırmaq üçün icmanın tərəddüd və suallarını dinləmə, risklərin dərk edilməsi də daxil olmaqla infodemiyanın idarəolunması üzrə əsas prinsipləri öyrətmək və daha sağlam informasiya ekosisteminin qurulmasına töhfə verməkdir.
ÜST-in Avropa Ofisinin ekspertləri tərəfindən keçirilən təlimdə müxtəlif media qurumlarını təmsil edən jurnalistlər, sosial media influenserləri və yerli səhiyyə qurumlarının media üzrə nümayələrindən ibarət 30-a yaxın şəxs iştirak edir.
Təlim zamanı faktların yoxlanılmasının, peyvənd və digər sağlamlıqla bağlı hadisələrin işıqlandırılması zamanı elmi əsası olan məlumatların yayılmasının vacibliyi vurğulanıb.
O da qeyd edilib ki, rəqəmsal dünyada qeyri-dəqiq və elmi əsası olmayan məlumatların daha geniş və sürətlə yayılması insanların sağlamlıqları ilə bağlı səhv qərar verməsinə səbəb ola bilər. Buna görə də insanların etibarlı mənbələrə istinadən doğru məlumat əldə etməsində jurnalistlərin və geniş izləyici auditoriyası olan sosial media fəallarının rolu əhəmiyyətlidir.
Qeyd edək ki, Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə və rutin immunlaşdırma proqramlarının gücləndirilməsi məqsədilə ÜST-nin Azərbaycan Ölkə Ofisi 2021-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə üç illik Vaksinasiyaya Dəstək layihəsini həyata keçirməyə başlayıb. Layihə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.