Sankt-Peterburqda Böyük Dram Teatrının rejissoru yoxa çıxdı
Rusiyanın Sankt-Peterburq şəhərində yerli teatr rejissoru Aleksandr Nikanorov yoxa çıxıb.
Bu barədə “LizaAlert” axtarış qrupu özünün “vKontakte” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Axtarış qrupunun məlumatına görə, Tovstonoqov adına Böyük Dram Teatrında çalışan Aleksandr Nikanorovun harada olması barədə heç nə məlum deyil.
40 yaşlı teatr rejissorunun velosiped sürərkən yoxa çıxdığı bildirilir. Qeyd edilir ki, o, evdən velosipedlə çıxıb və telefonunu özü ilə götürməyib. Yoxa çıxan rejissorun həmkarları Nikanorovun bir neçə gündür heç kimlə əlaqə saxlamadığını deyiblər.
Hüquq-mühafizə orqanları və fövqəladə hallar xidmətindən məsələ ilə bağlı hələlik şərh verilməyib.
Mənbə: Kommersant