Oct 22

İqtisadi müstəqillik gələcək nəsillərin azad yaşamasının təminatıdır - Deputat

“Dövlət suverenliyinin möhkəm olması üçün yalnız siyasi və hərbi amillər deyil, həm də güclü iqtisadi əsaslar vacibdir. İqtisadi müstəqillik-dövlətin suverenliyinin real təminatıdır.
İqtisadi müstəqillik o deməkdir ki, dövlət öz iqtisadi siyasətini sərbəst müəyyən edə, milli sərvətlərinə sahib çıxa, daxili bazarını və valyutasını müstəqil şəkildə idarə edə bilir. Xarici təsirlərdən əsasən asılı olmayan iqtisadi sistem dövlətin həm daxili, həm də xarici siyasətdə azad və milli maraqlara xidmət edən qərarlar qəbul etməsini təmin edir”.

Mozalan.az  xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusuna həsr edilən konfransında deputat Tahir Mirkişili deyib.

 Onun sözlərinə görə, Azərbaycan müstəqilliyi bərpa edildikdən sonra faciəvi iqtisadi böhranla qarşılaşmışdı.”Yalnız Ulu öndər Heydər Əliyevin dövlətimizə rəhbərliyə başlaması ilə bu proses dayandırıldı. Siyasi və iqtisadi müstəqillik möhkəmləndirilərək dönməzliyini təmin etdi.
 İqtisadiyyatımız güclü olmasaydı dövlətimiz müstəqil ola bilməzdi. Bax belə bir konteksdə Ulu öndər Azərbaycanın iqtisadi suverenliyinin təməlini atdı. Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq öz sərvətlərinin sahibi oldu. Bu İqtisadi müstəqilliyin mühüm prinsiplərindən biri idi.
 “Əsrin müqaviləsi”nin imzalanması, Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi beynəlxalq layihələrin həyata keçirilməsi, Xəzərin statusunun müəyyən edilməsi Azərbaycanın həm iqtisadi, həm də siyasi mövqelərini möhkəmləndirdi. Heç zaman unutmaq olmaz ki, Azərbaycanın təbii resursları – xüsusilə neft və qaz ehtiyatları-ölkənin iqtisadi müstəqilliyinin əsas dayaqlarındandır.

Keçən dövr ərzində enerji gəlirləri hesabına ölkəmizin güclü dövlət büdcəsi formalaşdı, sosial layihələr reallaşdırırıldı, yoxsulluq və işsizlik dəfələrlə azaldıldı, çadır şəhərçikləri ləğv edildi, qəhrəman ordumuz gücləndi  və digər mühüm uğurlar əldə edildi. Məhz bu uğurların nəticəsində Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz ölkəmizin bir nömrəli problemini həll etdi. Torpaqlarımız düşmən işğalından azad edildi, dövlət suverenliyimiz tam bərpa edildi”, - o qeyd edib.

O bildirib ki, milli iqtisadi müstəqilliyin mühüm dayaqlarından biri də maliyyə sabitliyidir. 
Deputat əlavə edib ki. iqtisadi asılılıq bir çox ölkələrdə siyasi asılılığa gətirib çıxarır, güclü təzyiq vasitəsi kimi istifadə olunur: “Azərbaycanın hədəfi daim iqtisadi cəhətdən güclü, dayanıqlı və öz qərarlarını sərbəst və milli maraqlara uyğun qəbul edən dövlət olmaqdır. Dövlət başçısı cənab İlham Əliyevin apardığı güclü xarici və iqtisadi siyasət nəticəsində ölkəmiz dünyada nüfüzunu daha da möhkəmləndirir, geniş bir coğrafiyada iqtisadi maraqlarımız təmin edilir. Bir məsələni xüsusi qeyd etmək istərdim ki, Azərbaycan dünyada xarici siyasətlə iqtisadi siyasətin uğurlu inteqrasiyanın formulunu tapmış az sayda ölkələrdəndir”.

Deputat onu da bildirib ki,  bu gün qaydasız bir dünyada yaşayırıq: “Bu gün dünyada baş verən hadisələr göstərir ki, iqtisadi müstəqillik yalnız bu günün deyil, gələcək nəsillərin də azad və firavan yaşamasının təminatı olacaqdır. Güclü iqtisadiyyat-güclü dövlət, güclü xalq və möhkəm suverenlik deməkdir. Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə nail olduğumuz iqtisadi müstəqilliyimiz gələcək uğurlarımızın təməl daşıdır”.

 Mürtəza

Bənzər xəbərlər

Gündəm

0.020081043243408