Sep 24

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə görüşüb - FOTO

Qoşulmama Hərəkatının sədri statusunda ölkəmizin BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun sentyabrın 22-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında təşkil etdiyi “Dekolonizasiya: Sakit İnqilab” Konfransının iştirakçıları olan bu şəxslər Fransa müstəmləkəçiliyinə qarşı mübarizədə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın atdığı addımları və həyata keçirdiyi tədbirləri yüksək qiymətləndiriblər.

Yeni Kaledoniya, Martinika, Fransız Qvianası, Fransız Polineziyası, Qvadelupa müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, həmçinin Melaneziya Təşəbbüs Qrupunun katibi xüsusilə vurğulayıblar ki, təmsil etdikləri siyasi partiyalar və hərəkatlar uzun illərdir Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparsalar da, BMT kimi nüfuzlu təşkilat çərçivəsində ilk dəfədir kolonizasiyaya dair belə konfransda iştirak ediblər. İştirakçılar səslərinin artıq BMT tribunalarında eşidilməsinin onları ruhlandırdığını və bu xüsusda konfransın təşkilatçısı Bakı Təşəbbüs Qrupunun fəaliyyətini təqdir etdiklərini bildiriblər.

Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparan Sakit və Atlantik Okeanı regionunda yerləşən dənizaşırı ərazilərin təmsilçiləri rəsmi Parisin müasir metodlarla həyata keçirtdiyi müstəmləkə siyasəti, habelə bu ərazilərin etnik tərkibinin süni şəkildə dəyişdirilməsi üçün qeyri-qanuni immiqrasiya siyasəti yürütdüyünü, əhalinin etnik tərkibinin süni dəyişdirilməsi üçün bir çox ölkədən, xüsusilə Suriyadan insanların buraya köçürüldüyünü diqqətə çatdırıblar.

Görüşdə, həmçinin BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin (C24) fəaliyyəti, dənizaşırı ərazilərlə komitə arasında əməkdaşlığın qurulması imkanları ətrafında fikir mübadiləsi aparılıb, C24-ün mütəmadi təşkil etdiyi regional tədbirlərdə Fransanın yürütdüyü müstəmləkəçilik siyasətinə diqqətin artırılması, dənizaşırı ərazilərin problemlərinin dünya ictimaiyyətinə çatdırılması üçün mümkün bütün platformalardan istifadənin zəruriliyi qeyd olunub.

Bənzər xəbərlər

Gündəm

0.050697088241577