“Azərbaycan öz qaydalarını düşmənə diktə etdi” - ŞƏRH + FOTO
“Nəhayət, Azərbaycan xalqı illərlə arzusunda olduğu problemi həll etdi”,
Bu sözləri Mozalan.az-a açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunması ilə bağlı danışarkən deyib.
Deputatın sözlərinə görə, Ali Baş Komandanın rəhbərliyi altında uzun illər boyu problemə çevrilən məsələ həll olundu:
“Qarabağın tarixinə nəzər salsaq, görərik ki, qonşu dövlətlər problem yaratmağa cəhd ediblər. Azərbaycan xalqı hər zaman mübarizə aparıb. 30 il sonra torpaqlarımızın geri qaytarılması məsələsi gündəm oldu. Nüfuzlu təşkilatlar illər boyu erməni yalanına inanıb. Bu bizə qarşı idi. BMT qərarı kağız üzərində qaldı. Dövlət başçımız çıxış yolunu tapdı. Xalq dəmir yumruq kimi birləşdi. 17 il hakimiyyəti dövründə güclü ordu yaratdı. Dost dövlətlər haqq yolunda bizi müdafiə etdi. 44 gün ərzində tarixi torpaqlarımızı geri aldıq.
Lakin bizə düşmən olan dövlətlər yenidən müharibə ocağını saxladılar. Bizim quruculuq işimizə mane olanda səbrimiz tükəndi. Nə Fransanın, nə ABŞ-nin, nə də Rusiyanın öyüd-nəsihətləri ermənin köməyinə gəlmədi. Azərbaycan ordusu 23 saat 43 dəqiqə ərzində düşməni darmadağın etdi. Düşmən ağ bayrağını qaldırdı. Azərbaycan öz qaydalarını diktə etdi”.
“Qarabağ tarixi Azərbaycan torpağıdır. Konstitusiyada təsbit olunmuş qaydalar erməni vətəndaşlarına aiddir. Vətəndaş bu təsbit olunmuş qanunlara riayət edirsə, yaşamaq haqqıdır. Separatçıdırsa, cəzasını çəkəcək. Yaşamaq istəməyənə yol açıqdır. Sabah baş tutacaq Yevlax görüşündə qalib Azərbaycan məğlub Ermənistan tərəfinə diktə edəcək. 30 il nazları ilə oynadıq. Məğlubun borcu diktəni qəbul etməkdir. Azərbaycanın gözü aydın olsun. Şəhidlərin ruhu şad olsun. Bizim qorxumuz yoxdur. Qalib xalqıq. Xalq bir tərəfdən şəhidləri üçün göz yaşı tökürsə, digər tərəfdən də dünyanın ən güclü ordusuna malik olması ilə fəxr edir. Ali Baş Komandanımız cənab İlham Əliyevin dediyi kimi - Qarabağ Azərbaycandır!” - deyə A.İsgəndərov əlavə edib.
Nəzrin Vahid