Bakının məşhur qonaqları: Vyetnamın ilk prezidentini Azərbaycana gətirən ARZU - FOTO
Ötən illər ərzində bir çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların qısa və ya uzunmüddətli səfərləri Bakının və insanlarımızın yaddaşında silinməz izlər qoyub. Elə həmin qonaqların da həmçinin...
Modern.az saytı məşhurların Bakı səfəri haqqında silsilə məqalələri davam etdirir.
“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş şöhrətli simaların səfərindən, onların təəssüratından söz açılır, o səfərlərin şahidlərinin xatirələri təqdim edilir.
Budəfəki yazıda Vyetnam xalqının müstəmləkəçilik və xarici işğalçılara qarşı, habelə azadlıq və müstəqillik uğrunda mübarizəsində çox böyük rol oynamış məşhur dövlət xadimi Ho Şi Minin Bakıya səfərindən bəhs edilir.
Vyetnam uzun illər Fransanın müstəmləkəsi olub. Həmin dövrdə Fransa vyetnamlılara qarşı böyük qəddarlıq nümayiş etdirib. 1945-ci ildə Vyetnam xalqı Ho Şi Minin rəhbərliyi altında fransızlara qarşı hərbi mübarizəyə qalxıb və doqquz il davam edən müharibə Vyetnam xalqının qələbəsi ilə nəticələnib.
Nəticədə ölkənin şimalında Ho Şi Minin ilk prezidenti olduğu Vyetnam Demokratik Respublikası qurulub. Beləliklə, Ho Şi Min Vyetnamın ilk prezidenti kimi tarixə düşüb.
Qərb dövlətləri, xüsusilə müstəmləkəçilik siyasəti yürüdən Fransa Vyetnamın şimalında müstəqil dövlətin qurulmasını həzm edə bilmirdi. Buna görə də 1949-cu ildə Qərbin dəstəyi ilə ölkənin cənubunda Cənubi Vyetnam dövlətinin yaradıldığı elan edildi. ABŞ və Böyük Britaniya da yeni Vyetnam dövlətini tanıdılar.
O zaman Qərb dövlətləri ilə soyuq müharibə aparan SSRİ 1950-ci ilin 30 yanvarında Ho Şi Minin yaratdığı dövləti - Vyetnam Demokratik Respublikasını tanıdı. Həmin ildən başlayaraq Vyetnam hadisələri Vyetnam-Fransa müstəvisindən çıxdı, Qərb-Sovet müstəvisinə keçdi.
1954-cü ilin aprel-may-iyun aylarında Cenevrədə ABŞ, SSRİ, Böyük Britaniya, Çin və Fransa xarici işlər nazirlərinin iştirakı ilə Hind-Çində sülhün bərpası üzrə müşavirə çağırıldı. Müşavirənin sonunda Vyetnam ərazisinin müvəqqəti olaraq iki yerə bölündüyü barədə sənəd imzalandı.
1975-ci ilə kimi Vyetnamda iki dövlət vardı: şimalda SSRİ və Çinin dəstəklədiyi Vyetnam Demokratik Respublikası, cənubda ABŞ və müttəfiqlərinin dəstəklədiyi Cənubi Vyetnam.
Ho Şi Min sağlığında Sovet İttifaqına həmişə xüsusi məhəbbət bəsləyirdi. Vyetnam mənbələrində belə yazılır. Bu da səbəbsiz deyildi. SSRİ və onun müttəfiqləri Ho Şİ Minin prezidenti olduğu Vyentama iqtisadi və hərbi yardımlar edirdilər.
1959-cu ilin mayında Ho Şi Min yenidən ölkə prezidenti seçildi.
Elə həmin ildə - 1959-cu ildə onu Sovet İttifaqına dəvət etdilər. Sovet İttifaqı Kommunist Partiyası və Sovet hökumətinin dəvətinə görə, Ho Şi Min yay fəslinin bir ayı müddətində Sovet İttifaqında qalacaqdı.
Ho Şi Minin SSRİ-yə gəlişi 1959-cu ilin iyuluna təsadüf etmişdi. O, Sovet İttifaqının rəhbərləri tərəfindən təntənəli şəkildə qarşılanmışdı. Vyetnam prezidenti səfəri zamanı SSRİ-nin bir sıra müttəfiq respublikalarında – Rusiya, Ukrayna, Gürcüstan, Türkmənistan, Tacikistan, Qazaxıstan, Ermənistan və Azərbaycanda oldu...
Ho Şi Min 1959-cu il iyulun 23-də Bakıya gəldi. Onu Vyetnamın Sovet İttifaqındakı səfirliyinin əməkdaşı xanım Pham Thi Xuan Phuong müşayiət edirdi.
Ho Şi Min neft məsələsinə xüsusi diqqət yetirdiyinə görə Azərbaycana gəlmişdi. O ümid edirdi ki, xüsusilə Azərbaycan və bütövlükdə Sovet İttifaqı neft və qaz sənayesinin qurulmasında, inkişafında Vyetnama dəstək verəcəklər.
Elə həmin gün - iyulun 23-də Ho Şi Min Bakıda, sahilə yaxın Qum adasında yerləşən neft yatağına getmişdi. Bu zaman onu Azərbaycanın rəhbəri - ölkə Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Vəli Axundov müşayiət edirdi. Azərbaycan SSR Neft Sənayesi Nazirliyinin nümayəndələri də Ho Şi Mini müşayiət edən heyətə daxil idilər.
Vyetnam mənbələrində bildirilir ki, prezident Ho Şi Minin Bakıda zəngin neft-qaz yataqlarına səfər etməkdə bir arzusu var idi: bu sahələrdə birgə işlər görmək. Çünki o bilirdi ki, Vyetnamda da neft var.
“Vyetnamda da dəniz və çoxlu dənizlər var, inanıram ki, bizim də mütləq neftimiz olacaq. Amma ölkəmiz müharibə şəraitindədir və biz neft çıxarılmasını hələ gerçəkləşdirə bilmərik. Ümid edirəm və inanıram ki, Vyetnamın müqavimət müharibəsi uğurla başa çatdıqdan sonra siz bizə neft tapmaqda kömək edəcək, sonra neftin istismarına və emalına yardım göstərəcək, Bakıdakı kimi neft-qaz sənayesi parkı tikəcəksiniz”, - deyə Ho Şi Min Azərbaycan mühəndisləri və neftçiləri qarşısında çıxış edərkən söyləmişdi.
Ho Şi Minin bu səfəri tarixi hesab olunur. Çünki bu, Vyetnam və Azərbaycan hökumətləri arasında ilk birbaşa təmas olub və bir çox sahələrdə əməkdaşlığın inkişafına təkan verib.
Ho Şi Minin Vyetnamın tarixində neft-qaz sənayesinin bünövrəsinə ilk kərpic qoyan şəxs kimi xüsusi yeri var.
Ho Şi Minə qədər neft anlayışı Vyetnam insanlarına hələ qəribə gəlirdi. Vyetnam əhalisi ölkədə neftin çıxarılacağına ümid etmədiyi halda, prezident Ho Şi Min buna inanırdı. Çünki o, fransız müstəmləkəçilərin vaxtilə Vyetnamın bəzi yerlərində gizli olaraq neft izləri aşkarladıqlarından xəbərdar idi.
Ho Şi Minin Bakıya səfərindən çox keçməmiş, 1961-ci il noyabrın 27-də Vyetnamın Baş Geologiya İdarəsi ölkədə neft və qazın tədqiqi, axtarışı və kəşfiyyatı ilə bağlı geoloji qrup yaratdı.
1966-cı ildə isə səkkiz tələbədən ibarət ilk nəsil ali təhsil almaq üçün Azərbaycanın Neft və Kimya İnstitutuna göndərildi. Sonrakı illərdə Azərbaycana göndərilən vyetnamlı tələbələrin sayı artmaqda davam edi. Onlar neft və qaz kəşfiyyatı-istismarı-emalı sənayesi üzrə ali təhsil alırdılar.
Vyetnam mənbələrinə görə, prezident Ho Şi Minin Azərbaycana səfərlə bağlı xatirələrində azərbaycanlıların qonaqpərvərliyindən, insanpərvərliyindən də bəhs olunub. Bu xatirələrdə Ho Şi Min azərbaycanlılar haqqında “dost, qardaş xalq” ifadələrinə xüsusi yer verib.
Ho Şi Minə ikiyə bölünmüş Vyetnamı bütöv görmək qismət olmadı. O, 1969-cu il sentyabrın 2-də 80 yaşında vəfat etdi.
Nəhayət, 1975-ci ildə Vyetnam müharibəti bitdi. Şimali Vyetnam və Cənubi Vyetnam Vyetnam Sosialist Respublikası adı altında birləşdirildi.
Vyetnamın neft və qaz sənayesi işçiləri isə mərhum prezident Ho Şi Minin arzusunu yerinə yetirərək vətəni zənginləşdirmək üçün böyük səy və əzm göstərdilər. Bu əzmkarlıq sayəsində Vyetnam Şərq dənizində neft və qaz yataqları tapdı.
Vyetnamla Azərbaycan arasında tarixi bağların möhkəmlənməsində mərhum dövlət başçısı Heydər Əliyevin 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi bu ölkəyə səfəri də mühüm yer tutur. O, Sovet İttifaqının yüksək nümayəndə heyətinin rəhbəri kimi infrastruktur layihələrinin açılışında iştirak etmişdi.
Vyetnam bu gün də Azərbaycanla isti münasibət saxlayan ölkələr sırasına daxildir. Vyetnamın Vunq Tau şəhərində Bakı, Azərbaycan paytaxtında isə Vunq Tau adlı küçə var.
Azərbaycan Respublikasının universitetləri Vyetnam üçün minlərlə mütəxəssis hazırlayıb. Onlar təkcə neft-qaz, mühəndislik, tikinti deyil, həm də hərbi, qanunçuluq, riyaziyyat, geologiya və digər sahələr üzrə ali məktəbi bitirib mütəxəssis olublar.
Təkcə Azərbaycan Neft və Sənaye Universitetində 50 ildə (1967-2017) Vyetnam üçün müxtəlif ixtisasa malik 500-dən çox tələbə ali təhsil alıb.
Azərbaycan ali məktəblərinin məzunları vətənə qayıtdıqdan sonra Vyetnamın bərpası və inkişafına öz töhfələrini veriblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama və Vyetnam Sosialist Respublikası Prezidentinin 2015-ci ildə Azərbaycana səfərləri iki ölkə arasında siyasi əlaqələrin möhkəmlənməsinə təkan verib.
Azərbaycan 2013-cü ildə Vyetnamın paytaxtı Hanoyda öz səfirliyini də açıb.