Sep 13

“Azərbaycan əsgəri istənilən hərbi təxribatın qarşısını almaq qüdrətindədir” - RƏY + FOTO

“Azərbaycan əsgəri istənilən hərbi təxribatın qarşısını almaq qüdrətindədir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Onun sözlərinə görə, 44 günlük müharibədən sonrakı dövrdə Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasından boyun qaçırıb:

“Ermənistanın baş naziri Nikol Paşinyan 2022-ci ildə Vladivostokda keçirilmiş forumda çıxışı zamanı faktiki olaraq yeni hərbi qarşıdurma iddiası səsləndirdi və bu açıqlama sentyabrın 12-də başlanan gərginliyin siyasi anonsu oldu. Vətən müharibəsindən iki il sonra, məkrli niyyətindən çəkinməyən düşmən sentyabrın 12-13-də Ermənistanın Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətdi. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərdi ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir. Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını qətiyyətlə aldı. Sentyabrın 13-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirdi, yaranmış gərginliyin məsuliyyətinin tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşdüyü bildirildi. Təcavüzkar dövlətin növbəti avantürası bir daha göstərdi ki, regionda formalaşmış yeni reallığın dəyişdirilməsi isitqamətində atılan istənilən addım Ermənistanın özü üçün yeni faciələrə səbəb olacaq”.

Parlamentari qeyd edib ki, Azərbaycan Ordusu dövlətimizin təhlükəsizliyini təmin etmək, erməni təhdidlərinin qarşısını almaq məqsədilə erməni təxribatlarına layiqli cavab verərək onlara növbəti dəfə yerini göstərib:

“Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edildi. Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan raketlər, rəsmi məlumata görə, 224, əslində isə 400-ə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edildi, yüzlərlə hərbçi yaralandı. Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağı bir daha aydın göründü. Azərbaycan Ordusu cəmi 7 saat davam edən unikal cavab əməliyyatı gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdi. Azərbaycan əsgəri bir daha göstərdi ki, Vətəninə qarşı istənilən addımın, təxribatın qarşısını almaq qüdrətindədir”.

K.Bayramov bildirib ki, dövlət başçısının həm ikitərəfli danışıqlarda, həm də beynəlxalq tədbirlərdə çıxışlarında ortaya qoyduğu mövqe tam humanizmə və sülhün əldə olunmasına istiqamətlənib:

“Buna baxmayaraq, ötən üç il ərzində müharibədəki ağır məğlubiyyətindən dərs götürməyən Ermənistan hər zaman separatizmə ciddi dəstək verməklə bölgədə gərginlik yaratmaq, dünya ictimaiyyətinə münaqişənin hələ də bitmədiyi fikrini aşılamağa çalışır. Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıyan Paşinyan və erməni siyasi rəhbərliyi Qarabağdakı qanunsuz hərbi birləşməyə dəstək verməklə sülhdən kənar mövqedə olduqlarını nümayiş etdirir. “Laçın” sərhəd-buraxılış məntəqəsi ətrafında yaradılan beynəlxalq şou, “humanitar fəlakət” yalanları ilə Azərbaycana qarşı diplomatik hücuma cəhd edən erməni lobbisi BMT Təhlükəsizlik Şurasında rüsvay olduqdan sonra indi də yenidən hərbi təxribatlara əl atırlar”.

Milli Məclisin üzvü vurğulayıb ki, Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir:

“Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri aparır. Bu gün Azərbaycan Ordusu bölgəyə hərtərəfli şəkildə nəzarəti həyata keçirir. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın xüsusi təyinatlı qüvvələri bir sıra uğurlu əməliyyatlara imza ataraq düşmənə sarsıdıcı zərbələr endirdi. Hazırda ordumuzda məhz bu qoşun növünün artırılması, maddi-texniki təminatının gücləndirilməsi əsas prioritet kimi seçilib. Qarabağ iqtisadi rayonunda məhz komando birliklərinin yerləşdirilməsi milli təhlükəsizliyimizin və gələcəkdə həyata keçiriləcək antiterror əməliyyatlarının operativliyini və uğurlu nəticəsini təmin edir və edəcək”.

Bənzər xəbərlər

Gündəm

0.041745901107788