Xətai RİH rəsmisi: “Şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində işlər davam etdirilir”
“44 günlük Vətən müharibəsində Xətai rayonu ümumilikdə 67 şəhid verib. Sentyabr hadisələrində isə Səbuhi Əhmədov şəhidlik zirvəsinə ucalıb”.
Bu sözləri Mozalan.az-a açıqlamasında Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Pənah İmanov deyib.
O bildirib ki, şəhidlərin xatirələrinin yad edilməsi, adlarının əbədiləşdirilməsi istiqamətində bir sıra tədbirlər görülüb:
“Məktəblərə, küçələrə şəhidlərin adlarının verilməsi prosesi mərhələli şəkildə davam etdirilir. Şəhid Səbuhi Əhmədovun adı da Xətai rayonu Əhmədli qəsəbəsində küçələrdən birinə verilib. Həmin küçədə yenidən abadlıq işləri aparılıb, şəhidin lövhəsi vurulur. Biz qəhrəmanlarımızı unutmuruq. Qəhrəmanlarımız barədə məktəblərdə məlumatlandırıcı tədbirlər keçirilir. 44 günlük Vətən müharibəsində canından keçən oğullar heç o torpaqları görməmişdilər. Onlar anadan olanda torpaqlarımız artıq işğal olunmuşdu. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun, oğullarımızın qəlbində olan Vətən sevgisi işğala son qoydu və tapdaq altında qalan torpaqlarımızı bizə qovuşdurdu. Biz müharibə istəmirik, amma dünya bizə qarşı çıxırsa, biz də haqqımız olanı tələb edirik. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə cansağlığı arzulayıram”.
Könül Cəfərli