Romantik musiqinin istinad yeri - “Kaspi”nin REPORTAJI + FOTO
“Ferens List adına Hava Limanına xoş gəlmisiniz!” Macarıstanın paytaxtı Budapeştin hava limanına enən sərnişinləri bu cümlə qarşılayır. Paytaxt sonra qonaqlarını görkəmli bəstəkarının möhtəşəm musiqisi səslənən konsert salonlarına, adını daşıyan, sənəti ilə iz qoyduğu tarixi tikililərə baxmağa, memorial muzeyinə ziyarətə dəvət edir…
“Kaspi” qəzetinin Budapeştdən hazırladığı reportajı təqdim edirik:
Bir-birindən qədim tarixi binaların yerləşdiyi küçədə (Verosmartu 35) sarı rəngli künc binanın ikinci mərtəbədəki pəncərələrinin üstündə Bax, Motsart, Haydn, Erkel, Bethoven və List kimi məşhur bəstəkarların barelyefləri var. Görkəmli macar bəstəkarı və pianoçusu List nəinki bu binada yaşayıb, həm də şəhərdə Musiqi Akademiyası qurub. Bina 1879-cu ildə Listin səyi ilə yaradılmış Macarıstan Musiqi Akademiyası üçün tikilib. Bəstəkar bu akademiyada milli musiqi kadrlarının yetişməsi üçün gecə-gündüz çalışıb.
Listin ölümündən sonra Konservatoriya üçün yeni bina tikilib, köhnəsi isə tamamilə Ferens List İrsini Öyrənmə İnstitutuna verilib. Böyük bəstəkar ömrünün son 6 ilini akademiyanın prezidenti və professoru olaraq bu binanın 1-ci mərtəbəsində yaşayıb. 1986-cı ildə - Ferens Listin ölümünün 100-cü ildönümündə muzey bu evdə fəaliyyətə başlayıb.
Almanlarla macarların bölə bilmədiyi bəstəkar
Ferens List həm də simfonik şeir tərzinin banisidir. Çoxları onu alman bəstəkarı hesab edir. Çünki musiqiçi həyatının çox hissəsini Almaniya ərazisində yaşayıb və çalışıb. Ancaq buna baxmayaraq, List təkcə musiqisində deyil, həm də hər il qışı və yazını Budapeştdə keçirmək vərdişində özünü göstərən macar köklərini heç vaxt unutmayıb. Fortepiano üçün yaratdığı məşhur “Macar rapsodiyaları”, “Macarıstan” simfonik əsəri bu fikrin təsdiqidir. Musiqişünaslar yazırlar ki, ümumiyyətlə, List musiqisinin ruhu, onun təravəti macar folklorundan, özünəməxsusluğu ilə seçilən milli mahnı və rəqslərdən bəhrələnir.
İlhamını planlaşdırılmamış səfərlərlə kəsməyi xoşlamırdı
Muzeyin girişində bəstəkarın səfər saatlarını göstərən taxta lövhə asılıb. Yaradıcı bir insan kimi List ilhamını planlaşdırılmamış səfərlərlə kəsməyi xoşlamırdı.
Pillələri qalxan ziyarətçiləri muzeyin qapısında bəstəkarın böyük portreti qarşılayır. Eksponatlar ev-muzeyin orta otağında və birinci mərtəbədəki foyedə nümayiş etdirilir. Ziyarətçiləri hər otaqda bəstəkarın musiqisi müşayiət edir.
Muzeyə gələnlər bəstəkarın qonaq, yataq və iş otağı, eyni zamanda müvəqqəti sərgilərin keçirildiyi zalla tanış olurlar. Muzeyin bələdçisi məlumat verir ki, Listin ölümündən sonra Budapeştdə saxladığı musiqi alətləri, kitablar və partituralar Musiqi Akademiyasına bağışlanmalı idi. Onun şagirdləri - Ödön Mihaloviç, Jeno Hubay, İstvan Toman kolleksiyaya qiymətli sənədlər qatıblar. Digər ianələr və miraslar da kolleksiyanı zənginləşdirib. Kolleksiya Musiqi Akademiyasının filialı olan Ferens List Memorial Muzeyi və Araşdırma Mərkəzi tərəfindən idarə olunur.
Qonaq otağında qədim musiqi alətlərinin kiçik kolleksiyası diqqət çəkir. Bostonda hazırlanan “Chickering” royalı 1867-ci ildə Paris sərgisində qızıl medala layiq görülüb. Öz alətlərinin qələbəsindən sonra Boston fabrikinin işçiləri pianonu Ferens Listə təqdim ediblər.
Bethovenin “bürcü altında”
Ustadın yataq otağında xüsusilə maraqlı eksponatlar, məsələn, usta Bösendorferin List üçün hazırladığı unikal yazı masası maraq doğurur. Masanın orta çəkməcəsi miniatür pianodan ibarətdir. Çarpayısının üstündən asılmış Bethovenin portreti qarşısında hər kəs ayaq saxlayır.
Nadir fotonun maraqlı tarixçəsini bələdçi danışır:
“Bu foto Listin uşaqlığının ən parlaq xatirəsidir. O, heç vaxt bu portretdən ayrılmadı və onu özünün qoruyucu mələyi hesab edirdi. Çünki List hələ uşaqlıqdan Bethovenlə görüşməyi xəyal edirdi. Bəstəkar sonralar xəstə olan Bethovenin onun konsertinə necə qatıldığını xatırlayırdı. Bethoven ona haqqında möcüzələr danışılan oğlanla - vunderkind uşaqla nəhayət, görüşməyə razılaşır. Onda Listin 11 yaşı vardı və o, artıq konsertlər verir, improvizator kimi istedadı ilə unudulmaz təəssüratlar yaradırdı. “Bethoven yanıma gəldi, əyildi, əlini başıma qoydu, bir neçə dəfə saçlarımı sığalladı və pıçıldadı: “Budur, bir improvizə! Siz şanslısınız və başqalarını xoşbəxt edəcəksiniz. Bundan yaxşı, daha gözəl heç nə yoxdur”. Uşaq bu öpüşü xeyir-dua kimi qəbul edir. List həmişə Bethovenin “bürcü altında” doğulduğuna inanırdı”.
Bəstəkarın çarpayısının yanında dua skamyası da var. Həyatının son mərhələsində Listin taleyində gözlənilməz dönüş baş verib. O, 1865-ci ildə Romada dini həyata meyl edərək rahib rütbəsini qəbul edib. Lakin musiqidən də uzaqlaşmayıb, yaradıcılıq yolunu davam etdirib.
Məhz bu əlin yaratdığı musiqilər...
Muzeyin birinci mərtəbəsindəki foyedə də nadir eksponatlar yer alıb. “Listin əli” muzeyin ən qiymətli əşyalarından biridir. Məhz bu əlin yaratdığı musiqilər bütün dövrlərin möcüzəvi musiqisi hesab edilir. Hər şənbə günü bəstəkarın mənzilinin yanında yerləşən orkestr zalında ziyarətçilər üçün səhər konsertləri keçirilir. Listin etüdlərini, konsertlərini, sonatalarını çalmağı hər pianoçu özünə böyük şərəf bilir.
Bələdçi deyir ki, muzeyin vaxtaşırı müxtəlif sərgilərdə nümayiş etdirilən Ferens Listə aid sənədlər bağışlanır:
“Ferens List Memorial Muzeyinin ekspozisiyası tədqiqatçılar üçün açıqdır və binada fəaliyyət göstərən kitabxana onların işinə öz töhfəsini verir. Buradakı kitablar, əlyazma və partituraların hər biri “List əmlakı” kimi qeyd olunur və xüsusi olaraq qorunur, çünki onların bir çoxunda Listin orijinal qeydləri və yaxud onun dostlarının ithafları var. Bu nadir və qiymətli əşyaların bərpası uzun illərdir ki, davamlı olaraq aparılır”.
List sənəti və irsi bu günədək öz yüksək bədii dəyərini itirməyib və romantik musiqinin ən parlaq səhifəsi olaraq qalmaqdadır.