Aug 30

Yardımlıda beş günlük “Gənclər davamlı inkişaf üçün” düşərgəsinin icrasına başlanılıb - FOTO

Avqustun 28-də “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Yardımlıda gənclərin fərdi inkişafına yönəlik “Gənclər davamlı inkişaf üçün” düşərgəsinin icrasına başlanılıb.

Mozalan.az xəbər verir ki, düşərgənin ilkin tanışlıq görüşündə layihənin əsas istiqamətləri, davamlılıq mərhələsi, düşərgə çərçivəsində baş tutacaq fəaliyyətlərlə bağlı məlumatlar diqqətə çatdırılıb. Qeyd olunub ki, layihə çərçivəsində ümumilikdə 45 gəncə “Dayanıqlı İnkişaf Məqsədləri və onun tətbiq sahələri”, “Layihələrin yazılması prosesində ideyanın formalaşdırılması”, “Qeyri-formal təhsil və onun prinsipləri”, “Gənclərlə işdə rol modeli” və digər mövzular olmaqla ümumilikdə 14 istiqamətdə təlim sessiyasının keçirilməsi, eləcə də, müxtəlif komanda oyunları və qrup işləri planlaşdırılır.

“Gənclər davamlı inkişaf üçün” layihəsinin əsas məqsədi gənclərin yumşaq bacarıqlarının gücləndirilməsi, cəmiyyətdə aktiv vətəndaşlığının təmin olunması, gənclərlə iş sahəsində təşəbbüslərin artması ilə ümumilikdə rəqabətədavamlı gənclər şəbəkəsinin inkişafına töhfə verməkdir. Layihənin davamlılıq mərhələsində iştirakçılar öyrəndikləri bilik və təcrübələri öz yaşadıqları regionlarda təlim və görüş formatında digər gənclərlə bölüşəcəklər.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə keçirilir.

Bənzər xəbərlər

Gündəm

0.028413057327271