Bakıda qəza: Diqqətsiz piyadanın ayağı avtomobilin altında qaldı - FOTO/VİDEO
Bakıda piyada öz diqqətsizliyi ucbatından xəsarət alıb.
Mozalan.az xəbər verir ki, hadisə avqustun 20-si səhər saatlarında baş verib.
Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində hərəkətdə olan piyada diqqətsiz şəkildə yolu keçərkən ayağı dönmək istəyən avtomobilin altında qalaraq əzilib.
Bununla bağlı Mozalan.az-a danışan Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli sürücülərlə bərabər piyadaları da diqqətli olmağa çağırıb.
O qeyd edib ki, bu cür yol-nəqliyyat hadisəsi baş verdikdə, xüsusən də xəsarət halı olduqda, sürücü yol polisini hadisə yerinə çağırmalı və polisə verdiyi ilkin məlumatda xəsarətin olması vurğulanmalıdır:
“Əgər zərurət varsa, sürücü əraziyə təcili tibbi yardım maşını çağırmalı, yaxud da zərərçəkmişi təxirə salınmadan xəstəxanaya aparmalıdır.
Bu, gələcəkdə aparılacaq prosessual araşdırmada sürücünün məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. Daha sonra məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, aparılan araşdırma prosesinin istiqaməti müəyyən edilir.
Ekspertizanın rəyinə uyğun olaraq – dərəcəsi təyin olunmayan, yüngül, az ağır və ağır xəsarət qeyd edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinə görə, az ağır və ağır xəsarət cinayət məsuliyyəti ilə tənzimlənir. Yüngül xəsarət İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə uyğun olaraq 200 manat cərimə və yaxud məhkəmə tərəfindən bir ilədək sürücülük vəsiqəsindən məhrum olunmasını nəzərdə tutur.
Dərəcəsi təyin olunmayan xəsarət yerinə yetirilibsə, yol hərəkəti əleyhinə hər hansı qayda pozuntusu edilibsə, ona uyğun olan maddə ilə barəsində inzibati tənbeh tədbiri seçilir”.
Baş verən hadisənin görüntülərini təqdim edirik:
Aysel Aslan