Aug 22

Qərbi Azərbaycan Xronikası: “Erməni yazıçı azərbaycanlılara qarşı törədilən cinayətləri üzə çıxardı” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Erməni yazıçı azərbaycanlılara qarşı törədilən cinayətləri üzə çıxardı” adlı veriliş efirə gedib.

Mozalan.az xəbər verir ki, verilişdə tanınmış erməni yazıçısı və alimi Lusine Xaçatryan istər bədii əsərlərində, istərsə də tədqiqatlarında Qərbi Azərbaycan ərazisində azərbaycanlılar, onlara məxsus mədəniyyət abidələri, həmçinin qaçqınlıq tarixi, ermənilər tərəfindən abidələrin dağıdılması, Azərbaycan adlarının dəyişdirilməsi mövzularına toxunur. Əslində erməni millətçiliyinin tərəfində olan Lusine tarixi gerçəyi dana bilmədiyindən tədqiqat və seminar mövzularında ermənilərin Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların mədəni irsinə qarşı törətdiyi barbarlığı, vandalizmi və repressiyanı göstərmək məcburiyyətində qalır.

Avropada mükafata layiq görülən “Yaddaş dalanı” hekayələr toplusunda çağdaş erməni insanının yaddaşında ilişib qalan qorxuların dalanına düşməsi, oradan çıxa bilməməsi, daxili, ictimai acılar içində çabalamasını qabardır. Özünə və psevdotarixinə hər an qəsd görən erməni türkü, azərbaycanlını, farsı, gürcünü, rusu, KQB-ni, Qərbi, bir sözlə hər kəsi özünün yalanlarına qəsd edəcəyini düşünür. Müəllif yazır: “Burada biz “yaşamırıq, ömrün sonunu gözləyirik. Biz ölümü təxirə salmağa davam edirik, yoxsa həyatı gecikdiririk?”. Lusine bu qorxular və qorxulardan yaranan düşmənçilikdən Ermənistanın gələcəyi olmayacağı qənaətindədir.

“Lars tələsi” povestindən “Ermənistanda yaşamaq və klaustrofobiyada olmamaq çətindir” fikri yaranır. Müəllif klaustrafobiyanı güclü qorxu kimi qeyd edərək əslində ermənilərin bütün qorxularının səbəbini elə bunda görür.

“Qarabağ ət dükanı” əsərində isə özünü siyasi problemlər məngənəsinə saxlayan erməninin böyük mədəniyyətdən, sivilizasiyadan geri qaldığını bədii fəndlərlə çatdıra bilir. Bu əsərin də daxil olduği ibarət kitab Avropa İttifaqının 2021-ci ildə ədəbiyyat mükafatına layiq görülüb.

Tanınmış yazıçı və alim Lusine Xaratyanın digər araşdırmaları növbəti buraxılışda təqdim olunacaq.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Bənzər xəbərlər

Gündəm

0.028068065643311