Aug 22

Şöbə müdirinin əməlləri ifşa olunan xəstəxanadan yeni şikayət - FOTO

Vətəndaşlar Salyan Rayon Mərkəzi Xəstəxanasından şikayətçidirlər.

İddia edilib ki, ezamiyyətə göndərilən tibb işçilərinin ezam pulları baş mühasib və direktor arasında bölüşdürülür.

Eyni zamanda, bildirilib ki, təcili tibbi yardım maşınlarını öz şəxsi əmlakları kimi öz həyətlərində saxlayır, öz şəxsi məqsədləri üçün istifadə edirlər. Bəzi sürücülər bir neçə dəfə qəza törətsələr də, onlara gözün üstə qaşın var deyən olmayıb.

Vətəndaşlar iddia edirlər ki, cərrahiyyə əməliyyatı olunaraq evə buraxılan xəstə təkrar müayinə olunmaq üçün gəldikdə içəri buraxılmır.

Terapiya şöbəsi isə baxımsız vəziyyətdədir.

Məsələ barədə Salyan Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq.

Xəstəxanadan Mozalan.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ixtisasartırma kurslarına gedən orta tibb işçilərinin əməkhaqları saxlanıldığına görə ezam pulu ödənilmir:

“Pul karta ödənilmədikdə onun bölüşdürülməsi və ya digər əməliyyatlar mümkünsüzdür. Eyni zamanda, təcili tibbi yardım avtomobilləri yeni binalara köçürüldükdən sonra xəstəxananın həyətində ayrılmış xüsusi sahədə saxlanılır. İnzibati işçilər ştat cədvəlinə və vəzifə təlimatlarına uyğun çalışırlar. Xəstəxanadakı 1 507 ştat vahidindən 186-sı inzibati işçidir”.

Müəssisədən qeyd edilib ki, qəza törədən işçi barəsində inzibati cəza verilib:

“Həmin töhmət şəxsi işinə əlavə edilib. Cərrahi əməliyyat olunmuş və sonradan sarğı üçün gələn xəstələrə ambulatoriyada yaradılmış sarğı otaqlarında xidmət göstərilir. Cərrahlar birinci mərtəbədə yaradılmış müayinə otaqlarında xəstə qəbul edirlər.

Stasionar şöbəyə kənar şəxslərin girişi qadağandır. Nəinki cərrahiyyə şöbəsinə, bütün şöbələrə giriş qadağandır. Əsas qapı deyilən xəstəxana girişinə ilk yaxın olan təcili yardım şöbəsidir. Oradan ancaq təcili və təxirəsalınmaz tibbi yardım almaq üçün xəstələr keçə bilərlər.

Həkim ziyarətinə və planlı müayinəyə gələnlər Cərrahiyyə şöbəsinin giriş qapısında qeydiyyatdan keçərək həkimə müraciət etməlidirlər”.

Qeyd edilib ki, Terapiya şöbəsində təmirin başlanılması və həkimlərin Poliklinika şöbəsində yaradılmış müayinə otaqlarında xəstə qəbulu üçün şərait yaradılması istiqamətində iş gedir.

Xatırladaq ki, bir neçə gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Vərəm şöbəsinin müdiri Xanış Abbasovun qanunsuz əməlləri ifşa olunub.

Xanış Abbasovun əlillik dərəcəsinin təyin olunması üçün müxtəlif şəxslərdən aldığı rüşvət müqabilində xəstəlik diaqnozu və stasionar müalicəyə dair tibbi sənədlərin məzmununa yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə əldə edilmiş ilkin sübutlar əsasında Xanış Abbasov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə mühüm zərər vurduqda), 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq yaşı və səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarətinə vermə növündə qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxsin digər qanunazidd əməllərinin, habelə iş üzrə digər təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İlhamə Əbülfət

Bənzər xəbərlər

Gündəm

0.027358055114746