Aug 21

Deputat: “Azərbaycan yeni çağırışlar fonunda öz maraqlarını təmin etməyə çalışır” - ŞƏRH

“Bu gün hər bir ölkə postpandemiya dövrü, habelə baş verən mövcud iqtisadi-siyasi kataklizmlərin, dördüncü sənaye inqilabının gətirdiyi yeni çağırışlar fonunda proseslərin iştirakçısı olaraq öz maraqlarını təmin etməyə çalışır. Azərbaycan Prezidenti də qlobal arenada baş verən prosesləri düzgün qiymətləndirir, ölkəmiz yeni çoxvektorlu xarici siyasət istiqamətində həyata keçirdiyi siyasi islahatları dərinləşdirir”.

Bu barədə Mozalan.az-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.

O qeyd edib ki, Azərbaycan artıq yeni sistem üzərində qərarlaşmanı əsas hədəf olaraq müəyyənləşdirib. Deputatın sözlərinə görə, ölkəmiz yerini daha da möhkəmləndirmək üçün dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı genişləndirməkdədir:

“Azərbaycan dərin hörmətə əsaslanan münasibətlər çərçivəsində malik olduğu mövcud potensialın qarşılıqlı maraq əsasında istifadə olunması istiqamətində uğurlu xarici siyasət aparmaqdadır. Bir tərəfdən bu gün ölkəmiz Cənubi Qafqazın lider dövləti olaraq enerji resurslarının istehsalı və tranziti sahəsində əhəmiyyətli regional haba çevrilir, digər tərəfdən isə Azərbaycan bütün dünya dövlətləri ilə, xüsusilə İkinci Qarabağ müharibəsi zamanı bizə dost olan, haqq işimizi dəstəkləyən, böyük strateji əhəmiyyət kəsb edən ölkələrlə əməkdaşlığını hərtərəfli intensivləşdirir. 20 avqust tarixində Prezident İlham Əliyevin son bir il ərzində Budapeşt şəhərinə baş tutan ikinci rəsmi səfəri və səfər çərçivəsində Macarıstanın Baş naziri ilə yanaşı, bir sıra Balkan dövlətlərinin rəhbərləri ilə də görüşləri Azərbaycanın gündən-günə artan nüfuzunun, eləcə də Avropa dövlətləri ilə dostluq və strateji tərəfdaşlıq münasibətlərinin, xalqlararası dialoqun daha da dərinləşməsi istiqamətində əldə etdiyi yeni imkanların bariz göstəricisidir”.

M.Əfəndiyev vurğulayıb ki, Macarıstanın Baş naziri Viktor Orbanla görüş əsnasında cari ilin 30 yanvar tarixində Azərbaycanla Macarıstan arasında imzalanmış genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, eyni zamanda mədəniyyət, turizm, iqtisadiyyat, kənd təsərrüfatı, miqrasiya, nəqliyyat sahələrində əldə olunmuş müsbət nəticələrə dair məsələlərin səsləndirilməsi rəsmi Budapeşt üçün həmin tərəfdaşlığın nə dərəcədə vacib olduğunu bir daha ortaya qoyur:

“Səfər çərçivəsində, eyni zamanda, ölkəmizin özünün xarici siyasətində Balkan dövlətləri ilə əməkdaşlığa verdiyi əhəmiyyətin yenidən şahidi olduq. Ümumiyyətlə, qeyd edim ki, son bir il ərzində Prezident İlham Əliyev Rumıniya, Bosniya və Herseqovina, Albaniya və Serbiyaya ardıcıl səfərlər edərək dövlətlər arasında müxtəlif sahələri əhatə edən, xüsusilə ənənəvi və alternativ enerji ixracı ilə bağlı bir sıra vacib sazişlərin imzalanmasında iştirak edib. Bu baxımdan, təsadüfi deyil ki, cənab Prezidentin avqustun 20-də Macarıstana səfəri çərçivəsində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka Tsviyanoviç və Serb Respublikasının Prezidenti Milorad Dodik ilə görüşü baş tutub. Görüş zamanı cari ilin 13 aprel tarixində Prezident İlham Əliyevin Bosniya və Hersoqovinaya rəsmi səfəri və Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında imzalanmış Birgə Bəyannamənin onəminin qeyd olunması, orada nəzərdə tutulan müddəaların icrası ilə bağlı məsələlərin səsləndirilməsi iki ölkə arasında əməkdaşlığın inkişafına, xalqlarımız arasında sağlam dialoqun inkişafına dəstək olacaqdır”.

Deputat M.Əfəndiyev qeyd edib ki, Prezident İlham Əliyevin istər görüşlərdə, çıxışlarında, istərsə də müsahibələrində dəfələrlə vurğuladığı kimi, ölkəmiz bu gün yeni çağırışların artıq bir çoxuna hazırdır. Onun sözlərinə görə, ölkə başçısının çoxvektorlu xarici siyasətdə müəyyən etdiyi istiqamət düzgün gələcəyə hədəflənir. Deputat vurğulayıb ki, xüsusilə Avropa ölkələri ilə siyasi, mədəni, humanitar sahələrdə əlaqələr bundan sonra daha da dərinləşəcək.

Bənzər xəbərlər

Gündəm

0.032266139984131