Yeni Zelandiya tarixində ilk: Əsas təhlükə siyahısı tərkibi ilə təəccübləndirdi
Yeni Zelandiya tarixdə ilk dəfə olaraq dövlətin yaxın illərdə üzləşə biləcəyi əsas təhlükələrin siyahısını dərc edib.
Bu siyahıya Rusiya, Çin və İranın da adları daxil edilib.
Bu barədə ölkənin əsas kəşfiyyat idarəsinin (NZSIS) dərc etdiyi hesabatda məlumat verilib.
Hesabatda ölkəyə əsas təhlükə yaradan amillər kimi zorakı ekstremizm, xarici müdaxilə və casusluq göstərilir. Yeni Zelandiyaya əhəmiyyətli dərəcədə ziyan vura biləcək dövlətlər arasında isə Çin, Rusiya və İran da var.
“Yalnız az sayda ölkə müdaxilə edir, lakin onlar bunu israrla edirlər, ona görə də onlar ciddi ziyan vurmağa qadirdirlər. Bunlara Çin Xalq Respublikası, İran və Rusiya daxildir”, - deyə sənəddə bildirilib.
Yeni Zelandiya kəşfiyyat xidməti qeyd edib ki, ölkə üçün ən bariz təhlükə getdikcə iddiaları artan Çindir.
“Biz Çinin kəşfiyyat xidmətlərinin Yeni Zelandiya və Hind-Sakit okean regionunda fəaliyyətindən yaxşı xəbərdarıq və bunu ciddi problem hesab edirik”, - deyə bildirilib.
NZSIS-in məlumatına görə, dezinformasiya yayan Rusiya resursları konkret olaraq Yeni Zelandiyanı hədəf almadıqları üçün daha az təhlükə yaratsalar da, yenə də bəzi vətəndaşların fikirlərinə təsir edirlər.
Həmçinin vurğulanıb ki, müxalifləri susdurmağa çalışan İran getdikcə daha da aqressivləşir.
“İranın Yeni Zelandiyadakı fəaliyyəti tarixən həmişə az ehtimal edilən olub, lakin biz bu dövlətdən gələn təhlükələri qiymətləndirməyə davam edirik”, - deyə vurğulanıb.
Mənbə: TASS