Çin Tayvana müdaxilə edərsə... - TƏHLİL
Rusiya-Ukrayna müharibəsinin başlaması ilə Moskva ilə Qərb arasında yaranan qarşıdurmanın Asiya regionundakı vəziyyəti qarışdıracağı gözlənilirdi. Bu risk, təbii ki, yox olmayıb.
Ən təhlükəli proqnozlardan biri də Çinin öz ərazisi olan Tayvana müdaxiləsindən sonra Avrasiya regionunun ürəyinə sancıla biləcək oxlar, bunun qlobal sistemi parçalayacağı ilə bağlı idi.
Avrasiya regionunda Çinin mütləq hakim olmaq cəhdlərini balanslaşdıra biləcək üç güc var - Rusiya, ABŞ və Böyük Britaniya. Lakin onların məntiqi fərqlidir, Londonla Vaşinqtonun belə mövqeləri heç də hər məsələdə birləşmir.
Beləliklə, fərqləndirici xüsusiyyətlər regionu Rusiya-Ukrayna müharibəsinin yaratdığı kövrək cəbhə xətlərinin arasında yerləşdirir.
Çinin Tayvana müdaxilə ehtimalları nəinki region, hətta qlobal müstəvidəki münaqişəli vəziyyətləri geosiyasi alov nöqtələrinin daxilində tuta bilər.
Burada yarana biləcək vəziyyətin geniş təsvirini vermək çətindir, çünki onsuz da, qlobal arenada səliqəli bir vəziyyət hökm sürmür, çox şey dağınıqdır.
Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiya kimi həssas regionlar bu ssenarinin nəzəri hissələrindən öz paylarını götürüb maksimal şəkildə özlərini alovlanan münaqişələrdən təcrid etmək istəyirlər.
Bununla belə, hər şey arzuolunan proqnozlar üzrə getməyə bilər, bu isə regionda möhkəm problemlərə əsaslanan təməllərin geosiyasi fırtınalara qarşı zəif nöqtələri ilə bağlıdır.
Beləcə, demək mümkündür ki, Böyük Avrasiyanın ən qeyri-sabit regionları Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Qafqaz Rusiya-Ukrayna müharibəsi ilə yenilənən qlobal güc rəqabətindən formalaşan dinamika ilə daha da həssaslaşır.
Çinin Tayvanı özünün suverenliyinə birləşdirmək planları, ABŞ-nin buna qarşı çıxmasının fonunda adıçəkilən regionlarda nə baş verə biləcəyinə diqqət yetirmək zəruridir.
- Azərbaycan-Ermənistan münasibətləri fonunda Cənubi Qafqazdakı vəziyyətin dramatikləşmək ehtimalları;
- Mərkəzi Asiya dövlətləri arasındakı münaqişələrin (Özbəkistan-Qırğızıstan, Qırğızıstan-Tacikistan əlaqələrindəki neqativlik) yaratdığı təsirlər (bu region Çin üçün çox əhəmiyyətlidir);
- Yaxın Şərqdə baş verən hadisələrin sabitlik oxundan çıxıb uçuruma doğru getməsi qlobal səhnədə sabitlik üçün lazım olan konsensusu yox səviyyəsinə endirir.
Bu regionlarda Çinin səviyyəsini yüksəltməsi Pekinin Tayvana mümkün müdaxiləsi zamanı hansı məcraya gedəcək – bunun çərçivələrini təyin etmək bir qədər çətindir.
Əvvəlki zamanlarda, bəlkə də, Çinin Tayvana müdaxiləsi ilə bağlı versiyalar inandırıcı səslənmirdi. Lakin indi narahatlıq budur ki, Çin artan hərbi imkanları və qlobal iddialılığının davamı olaraq Tayvanı tuta bilər.
Bu ssenaridə ABŞ-nin də müdaxilə üçün strateji əsası yaranır, hərçənd, Vaşinqtonun qlobal təzyiqlərdə rıçaqlarını itirməsi, onun Tayvanda müharibə zamanı Çini qarşısına alması real görünmür.
Deməli, ortada strateji qeyri-müəyyənliklər daha çoxdur və onları idarə etmək üçün böyük resurslar, müdafiə qabiliyyəti və hücum taktikalarını eyni müstəvidə tutan ağıllı qərarlar verilməlidir.
Aqşin Kərimov