Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib - FOTO
Avqustun 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı Azərbaycan-Ermənistan arasında sülh prosesi, bölgədə cari vəziyyət, Azərbaycanla Ermənistan arasında danışıqların cari vəziyyəti və perspektivləri müzakirə olunub.
C.Bayramov Ermənistanın öz öhdəliklərinə zidd olaraq, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini tam olaraq çıxarmamasının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaları davam etdirməsinin, kommunikasiyaların açılmasına maneçilik törətməsinin bölgədə sülh və sabitliyə xidmət etmədiyini diqqətə çatdırıb.
Bununla yanaşı, guya Azərbaycanın erməni sakinləri blokadada saxladığı, “Laçın” sərhəd-buraxılış məntəqəsinin “qeyri-legitim” olduğu barədə iddiaların əsassız olduğu vurğulanaraq, Ermənistanın Laçın yolunda və sərhəd-buraxılış məntəqəsinə qarşı təxribatları nəzərə alınaraq, Azərbaycanın erməni sakinlərə yardım üçün Ağdam-Xankəndi yolundan istifadə təklifinin qüvvədə qaldığı bir daha xatırlanıb. Həmçinin, Azərbaycan tərəfinin erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistanın müdaxiləsinin qəbuledilməz olduğu bildirilib.
Tərəflər, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.