Aug 03

Ermənilərin xarabalığa çevirdiyi Cəbrayıl rayonu yenidən çiçəklənməyə başlayıb - REPORTAJ + FOTO

İyirmi yeddi il erməni işğalı altında olmuş Cəbrayıl rayonundan geriyə yalnız xarabalıqlar qalıb. 2020-ci ildə Azərbaycan Ordusunun əks-hücumu ilə başlayan 44 günlük Zəfər yürüşündə qazanılan parlaq Qələbədən sonra isə digər azad edilən ərazilər kimi, Cəbrayıl rayonu da yeni inkişaf mərhələsinə qədəm qoyub. Şəhərin Baş planına uyğun olaraq, tikinti-quruculuq işləri geniş vüsət alıb.

AZƏRTAC-ın Cəbrayıla ezam olunan müxbiri şəhərdə aparılan quruculuq işləri ilə bağlı qeydlərini təqdim edir.

Yolumuz Cəbrayıladır - azad olunan ərazilərlə irəliləyirik, həm də Zəfər yolundan istiqamət almışıq Füzulidən Cəbrayıla doğru. Erməni vandalizminə məruz qalan bu yollar dağıdılmış halda idi. Cəmi üç il keçir o şanlı günlərdən, Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etdiyi həmin qəhrəmanlıq salnaməsini yazdığı anlardan. İndi Qarabağa və Şərqi Zəngəzura uzanan yolların bir hissəsi qısa müddətdə inşa olunub, digər hissələrin tikintisi işləri davam etdirilir. Biz də elə həmin yolla Qarabağdan Şərqi Zəngəzura, Cəbrayıla doğru irəliləyirik. Bir yanda Azərbaycan dövlətinin qısa müddət ərzində inşa etdiyi yolları, hava limanı, elektrik stansiyalarını və digər tikililəri görürük, digər tərəfdə isə hər yerdə ermənilərin 27 il ərzində dağıtdığı evləri, məhv etdiyi təbiəti. Elə bu mənzərələr arasından keçərək Cəbrayıla çatırıq.

Hazırda Cəbrayılda tikinti-quruculuq işləri sürətlə aparılır. Şəhərin Baş planına uyğun olaraq, Cəbrayıl rayonu yeni inkişaf mərhələsinə qədəm qoyub. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “İşğaldan azad edilmiş ərazilərin Ümumi planı”na əsasən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında yerləşən yaşayış məntəqələri layihələndirilir, şəhərlərin Baş planları hazırlanır və təsdiq edilir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Böyük Britaniyanın “Chapman Taylor” şirkəti ilə Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmış Cəbrayıl şəhərinin Baş planı iyulun 25-də Nazirlər Kabinetinin 238 nömrəli Qərarı ilə təsdiq edildi. Yeni Baş plana əsasən, ümumi ərazisi 625 hektar olacaq müasir Cəbrayıl şəhəri əvvəlki şəhəri və yaxınlıqdakı beş kəndi əhatə edəcək. Layihədə Çaylaqçay ətrafında şimaldan cənuba doğru uzanan şəhərin mərkəzi hissəsində təklif olunan “yaşıl zolaq” əsas onurğa rolunu oynayacaq.

Qeyd etmək yerinə düşər ki, rayon ərazisində bir çox tarix-memarlıq abidələrinin, o cümlədən Xudafərin körpüsünün yerləşməsi gələcəkdə şəhərin özünəməxsus memarlıq görünüşünün yaradılmasında xüsusi rol oynayacaq. İlkin mərhələdə təhlükəsizlik, infrastruktur məsələləri, sosial xidmətlərin sahələrinin yaradılması, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələləri həllini tapmalıdır. Bu ərazilərdə bərpa və yenidənqurma strategiyalarının əsas məqsədi dayanıqlı iqtisadi inkişafa nail olmaqdır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İşğaldan azad olunmuş ərazilərdə layihələrin idarə edilməsi şöbəsinin müdiri Ramil Cahangirov Baş planla bağlı bildirib:

“Cəbrayıl şəhərinin Baş planının konsepsiyasını üç əsas amil təşkil edir. Bunlardan biri keyfiyyətli yaşayış məntəqələrinin qurulması, ikincisi dayanıqlı yerli iqtisadiyyatın təmin olunması, üçüncüsü isə yaşıl infrastrukturun yaradılması ilə təbiətin inteqrasiyası”.

Şəhərdə tikinti-quruculuq işlərinin dörd faza üzrə həyata keçirilməsinin nəzərdə tutulduğunu deyən R.Cahangirov qeyd edib ki, artıq ilk mərhələ üzrə işlər başlayıb. Hazırda şəhərdə 960 şagird yerlik tam orta məktəbin tikintisi sürətlə davam edir. Həmçinin, yaşayış məhəlləsinin təməli qoyulub və tikinti işləri gedir. Məhəllədə 33 binanın inşası nəzərdə tutulub. 2026-cı ilin sonunadək 712 mənzilin təhvil verilməsi, həmin mənzillərdə təqribən 3 800 nəfərin məskunlaşdırılması planlaşdırılır. 2040-cı ilin sonuna qədər isə Cəbrayıl şəhərində 15 min nəfərin yaşayacağı proqnozlaşdırılır. Cəbrayılın inkişaf mərhələsi şəhərlə yanaşı, ətraf kəndləri də əhatə edir. Şəhərlə paralel olaraq Horovlu, Şükürbəyli kəndlərinin, həmçinin Xudafərin qəsəbəsinin şəhərsalma əsaslandırmaları təsdiqlənib və həmin ərazilərdə də inşaat işlərinə başlanılıb. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az, orta mərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Əhalinin 82 faizinin az və orta mərtəbəli çoxmənzilli binalarda, 18 faizinin isə fərdi evlərdə yaşaması planlaşdırılıb. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq həlləri əsas götürülüb.

Baş planların hazırlanması zamanı məskunlaşma sisteminin formalaşdırılmasında əhalinin məşğulluğunun davamlılığı da xüsusilə nəzərə alınıb. Şəhərin məşğulluq imkanları rayon ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yollar və zəngin təbii ehtiyatlar nəzərə alınmaqla proqnozlaşdırılıb. Beləliklə, şəhərin iqtisadi inkişafında xidmət və sənaye sektorlarının böyük rol oynayacağı, kənd təsərrüfatı sahəsinin isə digər yaşayış məntəqələrində daha çox inkişaf edəcəyi göstərilib. Baş planda ictimai-işgüzar zona üçün 23 hektara yaxın ərazi ayrılıb. Burada inzibati və ofis binaları, mərkəzi meydan, mədəniyyət, ictimai-iaşə və turizm obyektləri yerləşdiriləcək.

Qeyd olunub ki, şəhərin Baş planı hazırlanarkən nəqliyyatın planlaşdırılması zamanı insanyönümlü şəhər və təhlükəsiz hərəkət prinsipləri əsas götürülüb. Burada yol şəbəkəsi piyada keçidi və velosiped yollarının, ictimai nəqliyyatın üstünlük təşkil etdiyi formada layihələndirilib. Şəhərdaxili yol profillərində təxminən 60 kilometr uzunluğunda piyada və velosiped yollarının salınması nəzərdə tutulub. Cəbrayıl şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğu 45 kilometrdən çox olacaq.

Şəhər ərazisində öz doğma torpaqlarına qayıdacaq 1 880 cəbrayıllı şagirdin təhsil alacağı müasir üç tam və orta təhsil müəssisəsi, 960 uşaq üçün nəzərdə tutulan dörd məktəbəqədər təhsil müəssisəsi, mərkəzi rayon xəstəxanası, poliklinika, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman komplekslərinin inşası planlaşdırılıb.

Cəbrayıl şəhərinin coğrafi mövqeyi və relyefi də onun yaşıllıqlara qərq olmuş məkan kimi planlaşdırılmasına imkan verib. Baş plana əsasən, yaşıllıqların ümumi sahəsi 110 hektar təşkil edəcək. Bununla da şəhər ərazisinin 18 faizi yaşıl zonalardan ibarət olacaq. Əhalinin əsas istirahət zonası olaraq Çaylaqçay ətrafında salınması təklif edilən “yaşıl zolaq” mərkəzi park kimi müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün əhalinin açıq məkanlara çıxışını təmin edəcək.

Qeyd edək ki, Cəbrayıl şəhəri uzun illər ərzində erməni işğalçılar tərəfindən urbisid və ekosidə məruz qalıb, əhalisi öz doğma yurdlarından didərgin salınıb, əraziyə külli miqdarda maddi ziyan vurulub. Nəticədə mövcud infrastruktur, yaşayış evləri tamamilə məhv edilib və şəhərin yenidən qurulmasına ehtiyac yaranıb. Bütün bunlar nəzərə alınaraq, dağıdılmış şəhərin yerləşdiyi ərazinin kompleks qiymətləndirilməsi və konseptual layihələndirilməsi işləri aparılıb.

Bənzər xəbərlər

Gündəm

0.17695498466492