Bərdədə Yuxarı Qarabağ kanalında bənd uçub, iki kəndin ərazisini su basıb - YENİLƏNİB + FOTO/VİDEO
Qarabağ kanalının daşması nəticəsində Bərdə rayonunun Qaraqoyunlu kəndində yaranmış fəsadların aradan qaldırıması istiqamətində tədbirlər görülür.
Bu barədə Mozalan.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Qeyd edilib ki, Rayon Polis Şöbəsinin əməkdaşları və digər aidiyyəti qurumlar tərəfindən müvafiq işlər həyata keçirilir. Polis əməkdaşları sakinlərin və onların əmlakının təhlükəsiz şəkildə təxliyə edilməsi üçün zəruri tədbirləri davam etdirirlər.
19:20
Bərdə rayonunun Qaraqoyunlu kəndində subasma zamanı köməksiz qalan sakinlər təxliyə olunub.
“Report”un verdiyi xəbərə görə, Yuxarı Qarabağ kanalının daşması nəticəsində Ərəblər və Qaraqoyunlu kəndləri su altında qalıb. FHN-in Qarabağ Regional Mərkəzinin Xüsusi Riskli xilasetmə hissəsinin əməkdaşları Qaraqoyunlu kəndində su dolan evlərdə köməksiz qalan sakinləri təxliyə ediblər.
Hazırda kənddə xilasetmə işləri davam etdirilir.
18:47
Yuxarı Qarabağ kanalının Bərdə rayon ərazisindən keçən hissəsində yarılma baş verib.
Mozalan.az-ın məlumatına görə, hadisə kanalın Ərəblər və Qaraqoyunlu kəndləri ərazisindən keçən hissəsində baş verib.
Kanaldan təzyiqlə keçən su həmin kəndlərin bir hissəsinə dolub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) isə bildirilib ki, Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Qarabağ və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə dərhal əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Hazırda su basmasının qarşısının alınması üçün müvafiq işlər aparılır.