Qazaxıstanlı cəngəlliklə yeddi ölkəni keçərək ABŞ-yə gəlib - FOTO
Qazaxstanlı Janat Şamiqanov cəngəllikdən keçərək Mərkəzi Amerikanın yeddi ölkəsini qət edib və qeyri-qanuni yolla ABŞ-yə gəlib.
O, demək olar ki, 7 min kilometrlik məsafənin 500 kilometrini piyada gedib.
Yolda kişi qarət edilmiş insanlarla qarşılaşıb və gecə Karib dənizində bütün ailənin qayıqdan necə suya atladığının şahidi olub, lakin heç kim onlara kömək etməyib.
Janat miqrant olaraq keçdiyi yolu izah edib:
“ Əvvəlcə Kolumbiyaya getdik. Oradan Panama sərhədini keçdik. Artıq cəngəlliyə daxil olmuşduq. Sonra isə Kosta Rika, Nikaraqua, Honduras, Qvatemala və Meksikanı arxada qoyduq”, - deyə qazaxıstanlı xatırlayıb.
Onun sözlərinə görə, bütün çətinliklər Panamaya çatandan sonra başlayıb.
“Belə bir toxunulmaz təbiət parkı var - Darien. Orada insanlar tez-tez yoxa çıxır, çünki burada məxfi yollar yoxdur. Mən şəxsən bir çinli gördüm. O, mənə dedi ki, qarət olunub. Orada dünyanın hər yerindən gələn dəstələr gizlənir. Bunlar narkotiklə məşğul olan insanlar, qaçaqlar, cinayətkarlardır. Yerli polis sadəcə ora getmir”, - qazaxıstanlı bildirib.
“Sahil mühafizəsi bizi görməsin deyə Karib dənizini keçmək üçün gecə ikən hərəkət etdik. Gecələr onlar dayanmırlar. Bir uşaq bir qadının qucağından yıxıldı və suya düşdü. Qadın körpənin arxasınca, daha sonra isə qadının əri suya tullandı. Amma qayıq geri qayıtmadı”, - Janat dəhşətli xatirələrini bölüşüb.
“Kosta Rikada hər şey daha təhlükəsizdir. Amma burada diqqətli olmaq lazımdır, çünki qruplar hər yerdə səni dayandırıb pul istəyə bilər. Əgər təksənsə, səni girov götürüb qohumlarından pul tələb edə bilərlər. Belə hallar tez-tez Meksikada da baş verir”, - miqrant vurğulayıb.
Hazırda sərhədi qanunsuz keçdiyi üçün Janat ABŞ-də rəsmi olaraq işə düzələ bilmir və nağd ödənişlə müxtəlif işlərdə işləyir. Onun sözlərinə görə, yaxın illərdə Qazaxıstana qayıda bilməyəcək.
Mənbə: tengritravel.kz