Jul 25

Nostalgiya tramvayında oturanlar

Qan Turalı yazır...

Dünyanın çöhrəsi hər gün dəyişməkdədir. Təəssüf ki, cari problemlər içində bunun fərqində olmuruq ya da kifayət qədər fərqinə varmırıq. Ancaq yeni həyat bizim ona münasibətimizə nəzər yetirmədən daim inkişaf vəziyyətindədir.

Karl Marks deyirdi ki, tarix insanın daha yaxşı yaşamaq uğrunda mübarizəsidir. Doğrudan da, insan daim daha yaxşısına, daha alisinə, daha bahalısına can atır. Onları arzulayır. Bir tərəfdən də, olur ki, insan bu istədiklərinə nail ola bilir, ancaq yenə də xoşbəxt deyil. Yenə də onun ürəyini heç nə fərəhləndirə bilmir.

Müasir dövrlə müqayisədə keçmiş əsl cəhənnəmi xatırladır. Təsəvvür edin ki, bu gün, demək olar ki, hamımızın evində isti su var. Hətta bu sözləri yazarkən belə, insana qəribə gəlir. İsti su nə böyük bir şeydir ki? Halbuki, 100 il qabaq evimizdə heç soyuq su da yox idi. Ancaq evdəki hansısa problemə görə isti su kəsilsə, biz çox əziyyət çəkirik. Digər tərəfdən isə bu suyun 100 il əvvəl olmadığını düşünmürük.

Yüz il, tutaq ki, böyük bir zaman aralığıdır. Heç birimiz o dövrləri görməmişik. Ancaq gördüyümüz dövrdə sahib olmadığımız şeylərə sonradan elə sahiblənirik ki, sanki bunlar həmişə var imiş. İnsanın xisləti bu cürdür.

Ancaq insanın bir xasiyyəti də var: nostalgiya hissi. Misal üçün, 1980-ci illərdə doğulan nəsil 1990-cı illəri böyük bir nostalgiya ilə xatırlayır. Hətta 1990-cı illəri görməmiş, daha sonra doğulan insanlarda da bir “90-lar” nostalgiyası var. Bir növ, insan təkcə öz keçmişi üçün yox, bəşəriyyətin keçmişi üçün də darıxır.

Halbuki, 1990-cı illərdə böyük bir fərəh yox idi. Ölkə müharibə dövründə yaşayırdı. Ağır məğlubiyyətlərin havası hər yerə hopmuşdu. İqtisadi çətinliklər vardı. Onilliklərlə davam edən iqtisadi sistem tamamilə çökmüş, yerinə isə heç bir şey qoyulmamışdı. Cürbəcür müğənnilər peyda olmuş, müəyyən qadağalar götürülmüşdü. Ancaq qadağaların götürülməsi ilə hər cür ideya cəmiyyətə ötürülürdü. Bir növ xaos idi... Bir sözlə, 1990-larda çox az fərəhli nəsnə vardı. Ancaq hələ də 1990-lar böyük bir sevgi ilə xatırlanır. Bu da təbiidir. İnsanlar nadir hallarda keçmişləri ilə bağlı rasional davranırlar. Bir çox hallarda emosiyalar, hisslər üstün gəlir. Məsələ də bundadır.

Halbuki, gələcək bütün əzəməti və eləcə də məchulluğu ilə bizim qarşımızda dayanır. Biz tarixi periodların keçid dövründə yaşayırıq. Adi bir məqama fikir verək. Biz “Y” nəslinə mənsub insanlar bir zamanlar radio ilə musiqi dinləyirdik. Buna paralel olaraq kasetlər də vardı. Volkmənlər vardı. Sonra CD-lər, DVD-lər çıxdı, ancaq onların da ömrü uzun çəkmədi. Biz bu gün mahnıları rəqəmsal texnologiyalar, əsasən də “YouTube”, “Spotify” kimi platformalardan dinləyirik. Bəşəriyyətin tarixində musiqini bu qədər fərqli mexanizmlərlə dinləyən başqa bir nəsil varmı? Bircə bizim ata və analarımızın nəsli, “X” nəsli...  Ancaq yaş məsələsi ilə bağlı olaraq onlar texnologiya ilə bizim qədər çox məşğul olmamışdılar.

Bizdən sonrakı nəsil – “Z” nəsli isə bütün bu elektron dünyanın, rəqəmsal aləmin içində böyüyüb. Gələcək də məhz buradadır. Ancaq gələcəkmi? Yox, elə bu gün də biz bu virtual dünyanın içində yaşayırıq. Bəli, bu gün kimlərsə yazırlar ki, real münasibətlər, real dünya başqadır. Di gəl ki, o da bütün bu zəmanədən şikayət notlarını elə sosial şəbəkələrdə çalır. Başqa sözlə desək, gəmidə oturub gəmiçi ilə dava edir, halbuki, onu mənzilə gəmiçi çatdıracaq.

Biz gələcəyin gəmisində olmalıyıq. Keçmişin nostalgiya tramvayında yox. Bunun üçün də müasir dövrü anlamaq gərəkdir. Bu heç də asan deyil. Ancaq başqa yol da yoxdur.

Bənzər xəbərlər

Gündəm

0.01767897605896