Fermada gecələyən 10 yaşlı Baharın bütün bədəni yanıb - FOTO
2013-cü il təvəllüdlü Bahar Eyvaz qızı Quliyeva may ayında ağır yanıq xəsarətləri alıb.
Bu barədə Mozalan.az-a onun anası Pərvanə Quliyeva məlumat verib.
O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib:
“Biz əslən Şuşadanıq. Şuşa 1992-ci ildə ermənilər tərəfindən işğal edilən zaman atamı və anamı güllələyib öldürdülər. Mən isə qohumlarımla birgə Beyləqana, sonra isə Bakıya gəldim. Bakıda sığınacaqda yaşadım. Daha sonra ailə qurdum. Əvvəllər Ələt yolunda fermada yaşayırdıq. Daha sonra o ferma bağlandı. Biz isə məcburiyyətdən Oğuza köçməli olduq. İndi də burada fermada yaşayırıq. 10 yaşlı övladım da bizimlə birgə bu əziyyəti çəkir. Onun necə əziyyət çəkdiyi bu yaşında əlinin qabarlarından bilinir. Hadisə günü Bahar iribuynuzlu heyvanın bizim yatdığımız yerə girdiyini görəndə qaçıb çıxarmaq istəyib. Bu zaman ayağı stola ilişib. Stolun üzərində samovar olub. Samovar Baharın üstünə aşıb. Bütün bədəni yanıb. Bakıda xəstəxanaların birində müalicə alırdıq. Daha sonra imkanımız çatmadığı üçün müalicəni yarımçıq dayandırıb rayona qayıtdıq. İndi isə heç dərmanları belə almağa pulumuz yoxdur. İmkanlı şəxslərdən bizə kömək olmalarını xahiş edirəm. Bizə bu çətin sınaqdan keçməyimiz üçün 800 manat pul lazımdır”.
Əlaqə nömrəsi: (050) 899-02-27 (anası Pərvanə Quliyeva)