Bu gün 1000-dən çox namizəd rezidenturaya qəbul imtahanı verib - YENİLƏNİB
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçirilib.
Mərkəzdən verilən məlumata görə, imtahanların keçirilməsi üçün ümumilikdə 5 imtahan binası, 13 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 96 nəzarətçi-müəllim, 24 buraxılış rejimi əməkdaşı (mühafizə) və 5 bina nümayəndəsi ayrılıb.
İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.
09:15
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçirilir.
DİM-dən bildirilib ki, imtahanda 1044 namizədin iştirakı gözlənilir. Onlardan 778 nəfəri Azərbaycan, 266 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 444 nəfəri oğlan, 600 nəfəri isə qızdır. 220 nəfər cari ilin, 422 nəfər əvvəlki illərin məzunudur. Yeddi nəfər xarici ölkə vətəndaşıdır.
Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahan saat 10:00-da başlanır və iki saat otuz dəqiqə davam edəcək. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli;
- İmtahana buraxılış vərəqəsi.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
İmtahanların keçirilməsi üçün ümumilikdə beş imtahan binası, 13 imtahan rəhbəri, beş ümumi imtahan rəhbəri, 96 nəzarətçi-müəllim, 24 buraxılış rejimi əməkdaşı (mühafizə) və beş bina nümayəndəsi ayrılıb.