İbtidai sinif və musiqi fənləri üzrə ən yüksək nəticə göstərən namizədlərin adları AÇIQLANDI - FOTO
Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində ibtidai sinif və musiqi fənləri üzrə ən yüksək bal toplayan müəllimlərin adları açıqlanıb.
Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən verilən məlumata görə, test imtahanı mərhələsində ibtidai sinif üzrə ən yüksək balı İpək Xanlayeva (92,5), Sevinc Hacıyeva (90) və Zəminə Abdullayeva (90), musiqi fənni üzrə isə ən yüksək balı Gülay Həsənli (95), Cəmilə Süleymanova (93,25) və Səbinə Məmmədova (92,5) toplayıblar.
Qeyd edək ki, imtahanda toplanılması mümkün olan maksimal bal 100-dür.
Xatırladaq ki, test imtahanlarına ibtidai sinif müəllimliyi üzrə 11 004, musiqi fənni üzrə isə 3255 namizəd dəvət olunub.
Əlli səkkiz minə yaxın namizədin iştirak etdiyi test imtahanları iyulun 11-dən 15-dək ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.
Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində isə ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum səkkiz yer seçə bilər.