Özbəkistanda prezident seçkilərində 400 minə yaxın vətəndaş səs verib
Özbəkistanda iyulun 9-na təyin edilmiş növbədənkənar prezident seçkilərində 400 minə yaxın vətəndaş vaxtından əvvəl səs verib.
Bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 376 623 seçici vaxtından əvvəl səsvermə hüququndan istifadə edib. Qeyd olunur ki, respublikada 275 592, xaricdə isə 101 031 nəfər səs verib.
Özbəkistanda prezident seçkilərində 19,66 milyon seçicinin qeydə alındığı, vaxtından əvvəl səsvermənin iyunun 28-də başladığı və iyulun 5-də başa çatacağı bildirilib. Seçki Məcəlləsinə uyğun olaraq, seçki günü yaşayış yerində olmaq imkanı olmayan seçici vaxtından əvvəl səs verə bilər. Bunun üçün o, məntəqə seçki komissiyasına səsvermə günü gəlməməsinin səbəbini, bunun məzuniyyət, ezamiyyət, xaricə səfər və ya digər üzrlü səbəb ola biləcəyini göstərən ərizə ilə müraciət etməlidir.
Mənbə: TASS