Dizayner: “Sahibkarlara cinsi savad, biznes etikası öyrədilməlidir”
“Əvvəlki iş yerimdə sırf qadın olduğum üçün təzyiqlərə məruz qalmışam”.
Bu fikirləri Mozalan.az-a açıqlamasında “SHE (Smart, Happy, Equal) Congress” beynəlxalq qadın konqresində iştirak edən dizayner Fərəh Qasımova qadınlara iş yerində münasibət ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, haqqında danışdığı şirkətin müdiri qadınlara qarşı xüsusi ayrı-seçkilik edib:
“Müxtəlif şirkətlərdə iş təcrübəm olub. Ən pisi xanım olduğum üçün edilən ayrı-seçkilik idi. Müdirimiz xanımları sevmirdi. Qadınlara qarşı ayrı-seçkilik edirdi. Təklif irəli sürəndə ona xoş gəlmirdi. Çünki bir qadının söz haqqı olduğunu düşünmürdü. Hətta əməkhaqqını çox az verirdi.
Məni işdən anidən mesaj yazaraq uzaqlaşdırdı. Bu, qeyri-peşəkarlıq idi. Məndən öncə şirkətdə bir neçə xanıma qarşı da eyni cür davranılmışdı. Xanımları sıxışdıraraq, işdən çıxmağa məcbur edirdilər. İşdən çıxmadıqda isə axşam da işləməyə məcbur edirdilər. Şirkət rəhbəri onun dediklərini etməli olduğumuzu bildirirdi”.
F.Qasımova qeyd edib ki, bunun mental dəyərlərlə əlaqəsi yoxdur:
“Həmin şəxs iş mühitində peşəkar idi. Özəl şirkətə rəhbərlik edirdi. Düşünürəm ki, sahibkarlarla görüşüb, cinsi savad, biznes etikası öyrədilməlidir. Çünki əvvəlki iş yerimdə yaşadığım çətinlik mənə çox təsir edib. Hazırda işlədiyim sahədə aylıq gəlirim məni qane edir. Amma hələ də əvvəlki mənfi təcrübə ilə bağlı yaşadığım çətinlik var”.
Nəzrin Vahid