May 14

Əliyevlə Paşinyanın Brüssel danışıqları: İrəvan bir sıra addımlara təhrik ediləcək - TƏHLİL

Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş davam edir.

Əlbəttə ki, görüşdən sensasion nəticələr gözləmək olmaz, hərçənd ki, İrəvan Brüsseldəki danışıqların məntiqi davamı olaraq bir sıra addımlara təhrik ediləcək.

Ermənistan onsuz da başa düşür ki, Azərbaycan tərəfindən fasiləsiz şoklara məruz qalır. Ermənistan indi Brüssel formatındakı növbəti görüşün nəticələrini də eyni gözlə nəzərdən keçirir, çünki Azərbaycan-Ermənistan sərhədindəki son insidentlərdən sonra Əliyev mütləq mənada Paşinyana bir neçə növbəti xəbərdarlıq siqnalları ötürüb.

Bir sözlə, Ermənistan sülh prosesinin danışıqlar yolu ilə düzgün, ədalətli həllinə maneə yaradacaqsa, o, gələcək şoklara da hazır olmalıdır, çünki Cənubi Qafqazdakı yeni reallıqların idarə edilməsində heç bir paya malik deyil.

Azərbaycanla Ermənistan arasında sərhəddə toqquşmalar və ya xırda insidentlər yenə baş verə bilər, bununla belə danışıqlar kanallarının bağlanmaması sülh üçün olan gözləntiləri çoxaldır.  

Halbuki, Azərbaycan və Ermənistan liderləri ötən ilin oktyabrında Çexiyanın paytaxtı Praqada bir araya gələndən sonra Fransa Prezidenti Emmanuel Makron moderatorluq üçün fövqəldoza səviyyə əldə edəcəyini düşünürdü. Onun məqsədi regionda Ermənistanın hədəfinə xidmət edən modeli əldə bayraq tutmaq, bununla da Azərbaycanın, onun strateji müttəfiqi Türkiyənin, rəsmi Bakının strateji tərəfdaş kimi önəm verdiyi Böyük Britaniyanın maraqlarını neytrallaşdırmaq, danışıqların Brüssel formatını zədələmək idi.

Lakin Fransanın regiondakı strateji beyinləri yumaq planı effekt vermədi, bunun üç əsas səbəbi var idi.

Birincisi, Fransanın Cənubi Qafqazdakı maraq yarada bilmək bacarığı və onu idarə etmək potensialları zəifdir.

İkincisi, Azərbaycan Fransanın Praqadakı danışıqlardan sonrakı davranışlarını təhlil edərək bir daha ona etibar etməməkdə haqlı olduğunu başa düşdü. Buna görə də, Fransa danışıqlarda moderator olmaq üçün əlindən gələni etsə də, bu, nəticəsiz qaldı.

Üçüncüsü, ümumiyyətlə rəsmi Parisin dünya arenasında və Avropa İttifaqında nüfuzu ciddi şəkildə azalır, maraqları daraldılır, Asiya-Sakit Okeanı regionundan tutmuş Afrikaya qədər nüfuz itkisi ilə üzləşir. Fransanın xarici siyasət problemlərini daxili siyasətdə böhranla üzləşməsi müşayiət edir ki, bu da Parisin qol-qanadını sındırır.

Əlqərəz, Fransa işinin dalınca get(mə)di, ona görə də, Parisin budəfəki Brüssel görüşündəki iştirak etmək sevdası qursağında qaldı. Baş nazir Nikol Paşinyan isə Fransanın səmərəsiz fəaliyyətinə bel bağlasa da, Brüssel formatına qayıtmağa məcbur oldu.

Ümumiyyətlə, Brüssel mərkəzli danışıqların aurasını təqdim etmək üçün əvvəlki eyniformatlı müzakirələrə diqqət etmək lazımdır.

Nədir Brüssel formatının özəlliyi?

İlk olaraq, onu nəzərə almalıyıq ki, Avropa İttifaqı regionla əlaqədar ambisiyalı gündəliyə malik deyil, yənin onun imperativləri iqtisadi prinsiplərə əsaslanır. Bu baxımdan, Azərbaycan Brüssel formatından razıdır, ancaq o yerə qədər ki, Avropa İttifaqı Qərbin nəhəng iddialarının böyük yedəkçisinə çevrilməsin.

İkinci, Brüssel Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması istiqamətində hərəkətliliyi stimullaşdıran etibarlı platforma olmağa iddialıdır.

Xüsusilə humanitar aspektlər üzrə priblemlərin həlli sülh üçün lazımlıdır, Brüssel də həmin istiqamət üzrə etibarlı öhdəliklər götürməkdə israrlıdır, ancaq bunun üçün Ermənistanın müharibə cinayətləri ilə bağlı araşdırmaları gözardına vurmamalıdır.

Nəticə kimi vurğu edə bilərik ki, Əliyev-Paşinyan danışıqlarının Brüssel raundunun davamını gətirmək üçün Avropa İttifaqı səylərini əsirgəməməlidir.

İndi Azərbaycan və Erməistan tərəfi Rusiyanın mərkəzində durduğu danışıqlara fokuslanacaq, bu görüş Vaşinqtonda və Brüsseldə əldə edilən razılaşmaların Kreml saatı ilə tutuşdurmaq üçün şanslar təqdim edə bilər.

Ancaq hələ ki, Qərbdəki danışıqların bir davamının da olması gözlənilir, bu, Avropa Siyasi Birliyinin iyunun 1-də Moldovanın paytaxtı Kişineuda keçiriləcək sammitidir.

Azərbaycan və Ermənistan liderləri həmin sammitdə bir araya gəlməyi planlaşdırır və danışıqlarda Fransa Prezidenti Emmanuel Makronun, Almaniya Kansleri Olaf Şoltsun da iştirakı gözlənilir.

Bu, əvvəlcədən müəyyən edilmiş rəsmi format deyil, daha çox qeyri-rəsmi format xarakterinə malikdir.

Burada diqqətçəkən məqam Almaniyanın görüşdəki iştirakçılığıdır. Yəqin ki, o, Avropa İttifaqının əsas gücü kimi Fransanı neytrallaşdırmaq öhdəliyi ilə danışıqlara qatılır.

Düzdür, Almaniya Cənubi Qafqazdakı reallıqlardakı mübahisələrin həllinə önəmli töhfələr vermir, lakin o, Fransadan fərqli olaraq bitərəf qalmağı bacarır. İndi Şoltsun danışıqlardakı iştirakı Azərbaycanla əməkdaşlığa verilən önəm fonunda cəlbedicidir və Parisin Azərbaycan-Ermənistan münasibətləri üzərindən Avropa İttifaqına verilən ziyanın kompensasiyası kimi başa düşülə bilər.  

Hər halda, nəzərdə tutulmalıdır ki, işğal faktı hələ bitməyib, Azərbaycanın 8 kəndi hələ də Ermənistanın işğalındadır. Artıq onlarla bağlı məsələlər gələcək Zəngəzur dəhlizinin açılmasına qədər öz həllini tapmalıdır.

Aqşin Kərimov

Bənzər xəbərlər

Gündəm

0.046560049057007