Britaniya astronomları tarixdə ən böyük kosmik partlayışı aşkar etdilər: Qara dəlik səbəb olub? - FOTO
Britaniya astronomları müşahidələr tarixində ən böyük kosmik partlayışı aşkar ediblər.
Bu partlayış üç ildən artıqdır ki, davam edir.
Bu barədə “The Guardian” nəşri “Kral Astronomiya Cəmiyyətinin aylıq qeydləri” (“Monthly Notices of the Royal Astronomical”) jurnalında dərc edilmiş araşdırmaya istinadən məlumat verib.
Alimlər qeyd edirlər ki, AT2021lwx adı verilən partlayış supermassiv qara dəliyin nəhəng qaz buludunu udması nəticəsində baş vermiş ola bilər.
“Bizim hesablamalarımıza görə, bu alov topu Günəş sistemindən yüz dəfə böyükdür və günəşdən iki trilyon dəfə daha parlaqdır. Üç il ərzində partlayış zamanı Günəşin ömrünün on milyard ilində buraxacağı enerjidən yüz dəfə çox enerji ayrılıb”, - deyə nəşr İngiltərədəki Sauthempton Universitetinin tədqiqat işləri üzrə rəhbəri Filip Uayzmenin sözlərindən sitat gətirib.
Alim bildirib ki, partlayış əvvəlcə astronomların diqqətini cəlb etməyib, lakin onun parlaqlığı artdıqca əlavə müşahidələrin aparılmasına qərar verilib. Xüsusilə partlayışa qədər olan məsafəni təyin etmək mümkün olub ki, bu, səkkiz milyard işıq ili təşkil edib. Bundan sonra hadisənin miqyası bəlli olub.