Mövlud Çavuşoğlu: “Səfirliyimizin yerləşdiyi küçədə silahlı toqquşmalar olur”
Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ölkənin Sudandakı səfiri İsmail Çobanoğlunun avtomobilinin atəşə tutulmasına münasibət bildirib.
M.Çavuşoğlu bildirib ki, hazırda Sudanda, xüsusən paytaxt Xartumda vəziyyət gərgindir.
“Türkiyə səfirliyinin yerləşdiyi küçədə də bəzən silahlı toqquşmalar olur. Bir sıra hallarda vətəndaşlarımıza xidmət göstərməkdə gecikirik”, - deyə diplomat bildirib.
Türkiyəli diplomat vurğulayıb ki, Türkiyə öz vətəndaşlarının əksəriyyətini artıq Sudandan təxliyə edib:
“Vətəndaşlarımızı daha çox Misir, Efiopiya və Səudiyyə Ərəbistanının limanları vasitəsilə təxliyə etmişik. Hazırda diplomatik xidmət göstərən vətəndaşlarımızın təhlükəsizliyi üçün əlimizdən gələni edirik”.
Qeyd edək ki, bu gün Türkiyənin Sudanın paytaxtı Xartum şəhərindəki səfiri İsmail Çobanoğluna hücum olub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Hücum nəticəsində xidməti maşına zərər dəyib.
Məlumat üçün əlavə edək ki, Sudanda bir aydan çoxdur ki, ordu birləşmələri ilə xüsusi təyinatlılar arasında silahlı toqquşmalar baş verir, ölkə faktiki vətəndaş müharibəsi meydanına çevrilib.
Mənbə: Haber Global