May 04

Bolqarıstanın keçmiş naziri: “SOCAR daxili qaz bazarında “Bulgargaz”a rəqibə çevrilir”

“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstanın daxili qaz bazarında “Bulgargaz” şirkətinə rəqibə çevrilir”.

Bunu “Report”a açıqlamasında professor, Bolqarıstanın keçmiş təhsil və elm naziri Todor Tanev deyib.

Professor vurğulayıb ki, iki həftə ərzində SOCAR Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyasından (ESTK) təbii qaz ticarəti üçün lisenziya alacaq və yəqin ki, ölkəyə ildə təxminən 1 milyard kubmetr təbii qaz tədarük edəcək və bu da Bolqarıstanın istehlakının 35%-ni təşkil edir.

“Həmrəylik Halqası” təşəbbüsünün imzalanması Azərbaycan təbii qazının Cənub-Şərqi Avropaya tədarükünün artırılmasına imkan verir. Bundan başqa, bu Anlaşma Memorandumu Bolqarıstan və bütün digər iştirakçı ölkələrin uzunmüddətli maraqlarını təmin etmək üçün strateji imkan yaradır”, - o əlavə edib.

Onun sözlərinə görə, Bolqarıstan Azərbaycan “mavi yanacağı”nın bütün Avropaya tədarükünün planlaşdırıldığı təbii qaz təşəbbüsündə mühüm rol oynayır:

“Güman ki, ölkəmiz Azərbaycandan təbii qaz tədarükünü iki dəfə artıracaq. Lakin o, bunu “Bulgargaz” vasitəsilə deyil, SOCAR-dan birbaşa satışlar hesabına həyata keçirəcək”.

Xatırladaq ki, aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

Bu memorandum modernləşdirilmiş “Həmrəylik Halqası” vasitəsilə Azərbaycandan Avropaya əlavə təbii qaz həcmlərinin tədarükü üçün əməkdaşlıq sahələrini müəyyən edir.

Bolqarıstanın təklif etdiyi və Avropa Komissiyası tərəfindən dəstəklənən “Həmrəylik Halqası” təşəbbüsü Avropa İttifaqına, Mərkəzi və Cənub-Şərqi Avropaya təbii qaz tədarükünün təhlükəsizliyini yüksəltmək məqsədi daşıyır.

Bənzər xəbərlər

Gündəm

0.028223037719727