May 04

Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür

Bu gün Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür.

Arəstə Kərim qızı Baxışova 4 may 1989-cu ildə Xaçmaz şəhərində doğulub.

Atası baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olarkən vəfat edib.

Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində ingilis dili üzrə təhsil alıb. 2018-19-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib.

Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. O, 23 oktyabr tarixində Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Vətən müharibəsinin tək qadın şəhidi olan Arəstənin Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qalıb.

Bənzər xəbərlər

Gündəm

0.026336908340454