Bakıda salınacaq bulvarla bağlı YENİ DETALLAR - FOTO
Bakıda, Bülbülə gölünün ətrafında yeni bulvar salınacaq.
Gölün ətrafında yaşıl istirahət zonasının yaradılması nəzərdə tutulub.
Yeni bulvarın nə vaxt salınıb istifadəyə veriləcəyi və layihədə hansı yeniliklərin olacağı maraqla qarşılanır.
Baku.ws bu məqsədlə Bakı Abadlıq Xidmətinə müraciət edib və yeniliklər barədə məlumat alıb.
Qurumun layihə rəhbəri Denis Korolyov bildirib ki, hazırda yeni bulvarın salınması ilə bağlı birinci mərhələ icra edilir:
“Hazırda gölün ətrafı zibillik və tullantılardan təmizlənib. İndi “Azərsu” ASC ilə birgə təmizləyici qurğu yerləşdirilir. Bu gölə bir çox yerlərdən tullantı sular axır. Su təmizləyici qurğu vasitəsilə yenidən gölə buraxılacaq. Bundan sonra gölün suyu tərtəmiz olacaq.
İkinci mərhələdə layihə ilə bağlı bir neçə dizayn işi hazırlanacaq. Daha sonra aidiyyəti qurumlara təqdim olunacaq və təsdiqləndikdən sonra gölün ətrafında bulvarın salınmasına başlanılacaq. Yeni bulvarın ərazisində böyük restoranlar olmayacaq. Hər şey plan üzrə gedərsə, bu il ərzində gölün təmizlənməsi təmin olunacaq. Növbəti il ərzində isə gölün ətrafında təmir işləri aparılacaq. Bulvar ərazisində yüngül konstruksiyalı obyektlər ola bilər. İnsanların rahat gəzməsi, dincəlməsi və velosiped sürməsi üçün şərait yaradılacaq. Yaşıllıqlar salınacaq, amma böyük restoranların inşası nəzərdə tutulmayıb”.