Apr 30

Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən cızır - ŞƏRH

Dünyada yaranan yeni reallıqlar fonunda enerji təminatı, alternativ mənbələrə çıxış, bu sahədə uzunmüddətli etibarlı tərəfdaşlıq əlaqələrinin qurulması kimi hədəflər strateji mahiyyət daşıyan prioritet istiqamətlər elan edilib. Ukrayna müharibəsi başlayandan bəri Rusiya ilə münasibətləri kəskin şəkildə pisləşən Avropa üçün isə sadaladıqlarımız həyati əhəmiyyət daşıyır. Üzləşdiyi çətinliklərin həllində Avropanın üz tutduğu ilk ünvan isə yenə də Azərbaycandır. 

Azərbaycan mövcud imkanları və potensialı çərçivəsində Avropanın bir sıra ölkələrinin mavi yanacaqla fasiləsiz və etibarlı təmin edilməsi istiqamətində ardıcıl addımlar atır. Son olaraq aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında Anlaşma Memorandumu” imzalandı. Mərasimdə Prezident İlham Əliyev də iştirak etdi. Anlaşma memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.

Azərbaycan Avropanın enerji bazarına çıxış üçün hər zaman reallaşdırılması sadəcə xəyal olan, ancaq sonda Prezident İlham Əliyevin gərgin əməyi ilə həyata keçirilən meqalayihələrin əsas müəllifi olub. Məhz bu siyasət nəticəsində 2018-ci ildə TANAP, ardınca isə TAP layihələri yekunlaşdırıldı. Ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası arasında  “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Altı ay əvvəl isə İlham Əliyevin iştirakı ilə Bolqarıstan və Yunanıstan qaz şəbəkələrini birləşdirən interkonnektor  istifadəyə verilməsi mərasimi keçirildi. İndi isə Prezident İlham Əliyevin enerji siyasətinin yeni səhifəsi olan “Həmrəylik Halqası”na start verilməsi məhz bu konsepsiya ilə üst-üstə düşür.

Statistik rəqəmlər də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində artan roluna işarə edir. Aİ ilə imzalanan memoranduma əsasən, ölkəmiz 2027-ci ilə qədər Avropa bazarına ixrac etdiyi qazın həcmini iki dəfə artırmalıdır. 2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetr qaz ixrac edib. Bu il hədəf 12 milyard kubmetrdir. Həmin həcm bu il üçün planlaşdırdığımız 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracımızın təxminən yarısını təşkil edəcək. Lakin Bakı bu hədəflərlə də kifayətlənmək fikrində deyil. Planda mövcud qaz yataqlarında hasilatın artırılması, gələn illərdə isə yeni yataqlarda təbii qaz istehsalını həyata keçirmək var. Azərbaycan qazının ixrac coğrafiyasına fikir versək görərik ki, bu gün mavi yanacağımız Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya çatdırılır. Bu siyahıya Rumıniya da əlavə edilib. Əgər texniki imkanlar genişləndirilərsə, bu ilin sonundan etibarən Macarıstan və Slovakiyaya da qaz təchizatına başlamaq qarşıya qoyulan hədəflər sırasındadır. 

Qeyd olunanlar bir daha göstərir ki, enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün addımları davam etdirməyə birmənalı olaraq hazırdır. Azərbaycanın bu sahədə Avropa üçün mövcud və gələcək statusu Aİ rəsmiləri tərəfindən də xüsusi vurğulanır.

Sofiyadakı imzalanma mərasimində çıxış edən Aİ-nin energetika məsələləri üzrə komissarı Kadri Simsonun ölkəmiz haqqında səsləndirdiyi fikirlərə diqqət yetirək: “Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu sübuta yetirdi. Bu qış enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfindən təchiz olunan enerji təchizatı həlledici oldu. Komissiya Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması üçün alternativ marşrutların təmin edilməsi üçün əlavə səyləri dəstəkləyir”.

Beləliklə, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan nəinki Avropanın, bütövlükdə Avrasiyanın enerji xəritəsini yenidən cızır.

Bənzər xəbərlər

Gündəm

0.042362928390503