Tərtərdə minaya düşən Fərid Sədiyev: Altı xarici dil bilirdi, II Qarabağ müharibəsi iştirakçısı idi - FOTO
Aprelin 28-də Tərtər rayonunun işğaldan azad edilən Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində tank əleyhinə minanın partlayışı nəticəsində üç nəfər həlak olub.
Həlak olanlar “RPS Energy Ltd.” şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğludur.
Mozalan.az həlak olanlardan biri - Fərid Sədiyev Mehman oğlunun həyat yoluna qısa nəzər salıb.
F. Sədiyev 1996-cı il iyunun 6-da Sumqayıt şəhərində doğulub. Sumqayıt şəhər Təfəkkür liseyini 2014-cü ildə bitirib. Həmin il M.V. Lomonosov adına Moskva Dövlət Universitetinə qəbul olub, universiteti bitirdikdən sonra eyni adlı universitetin magistr təhsilini alıb.
Altı xarici dil bilirdi. Magistr təhsilini bitirdikdən sonra 2020-ci ilin iyulunda hərbi xidmətə yollanıb. İkinci Qarabağ müharibəsi iştirakçısı olub, döyüşlərdə göstərdiyi şücaətə görə, Füzulinin, Xocavəndin, Cəbrayılın azad olunmasına görə, həmçinin müharibə iştirakçısı kimi medallarla təltif olunub.
2020-ci ilin oktyabr ayından minatəmizləmə şirkətində fəaliyyətə başlayıb.