Masallıda avtomobil ehtiyat hissələri oğurlayan şəxslər saxlanılıblar
Avtomobil ehtiyat hissələrini oğurlayaraq metal qəbulu məntəqəsinə satan Masallı sakinləri saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, Masallı rayonu ərazisində yük avtomobillərinin ehtiyat hissələrinin satıldığı obyektin açıq ərazisindən dəyəri 1300 manat olan “Kamaz” markalı yük avtomobilinə aid ehtiyat hissələrinin oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Anar Kərimov, Azər Cavadov və Ülvi Hüseynov müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı onların oğurladıqları ehtiyat hissələrini rayon ərazisindəki metal qəbulu məntəqələrindən birinə satdıqları müəyyən edilib. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.