Apr 28

Myanmada 15 il əvvəl öldürülən jurnalistin itmiş kamerası tapıldı: Son kadrlar - FOTO/VİDEO

Myanmada küçə etirazı zamanı güllələnən yaponiyalı jurnalist Kenci Naqayın hadisə zamanı yerə düşən və 15 ildən artıq itmiş sayılan videokamerası tapılıb.

Aparat Tailandın paytaxtı Banqkokda keçirilən mərasimdə fotojurnalistin bacısı Noriko Oqavaya təhvil verilib.

Qadın buna görə minnətdarlığını bildirib.

“Ən dərin təşəkkürümü bildirirəm. Bu, mənim üçün böyük sürpriz və xoşbəxtlik oldu, çünki indiyə qədər kamera haqqında heç bir məlumatım yox idi”, - deyə o vurğulayıb.

Naqayın bacısı sözünə davam edərək, kasetin təhlilinin qardaşının ölümü ilə bağlı gizlinləri açacağına ümid etdiyini bildirib:

“Mən bu fotoaparatı və lenti mütləq Yaponiyaya aparacağam. Qardaşımın son nəfəsinə qədər əlində tutduğu bu şey olduğunu göstərərək, məlumatların təfərrüatını araşdırmaq, qardaşımın demək istədiyini təsdiqləmək və ölümün əsl səbəbini aydınlaşdırmaq istəyirəm. Ümid edirəm ki, Myanma hərbçilərinin qardaşımın ölümünün bədbəxt hadisə olduğuna dair iddiasını təkzib edə biləcəyəm”.

Naqayın kamerasının nə vaxt və necə tapıldığı və keçən illərdə harada saxlandığı ilə bağlı dəqiq təfərrüat aydın olmasa da, cihazın Myanmadan çıxana qədər xeyli əldən keçdiyi məlumdur.

Kamera tapılan zaman orijinal lenti hələ də üstündə olub. Kadrlarda nümayişçilərin Yanqon şəhərinin qədim Sule məbədi yaxınlığındakı küçədə mahnı oxuduqları, polislərin isə onların yolunu kəsdikləri görünür. Sonra əsgərlərlə dolu yük maşınları əraziyə doğru gələndə Naqay kameranı özünə tərəf çevirir.

“Ordu gəldi... Məncə, ağır silahlı ordudur. Məbədin önü vətəndaşlarla doludur. Vətəndaşlar “Buddanın Başı”nın qarşısına toplaşırlar. Ağır silahlı ordu maşını gəlib”, - deyə Naqay bildirir.

Kadrlarda daha sonra insanların dağılışması əks olunur. Kadrlar jurnalistin ölümündən əvvəl kəsilir.

“Birmanın Demokratik Səsi” tərəfindən qeydə alınan başqa bir videoda Naqayın yerə yıxıldığı və bir əsgər tərəfindən yaxın məsafədən vurulması əks olunub. Adrees Lətifin “Reuters” xəbər agentliyi üçün hadisə ilə bağlı çəkdiyi foto 2008-ci ildə “Pulitser” mükafatına layiq görülüb.

Qeyd edək ki, Kenci Naqay Yanqon şəhərinin mərkəzində, “Zəfəran İnqilabı” kimi tanınan dinc aksiyanı qeydə alarkən əsgərlər gəlib silahları işə salmışdılar. Həmin vaxt Yaponiyanın “APF News” telekanalında işləyən 50 yaşlı jurnalist Naqay ona dəyən güllədən ölümcül yaralanmışdı.

Mənbə: Haber Global

Bənzər xəbərlər

Gündəm

0.073330163955688