“Əsrin müqaviləsi” milli iqtisadiyyatımızın davamlı inkişafının əsasıdır
Dünya siyasi arxitekturasının yenidən formalaşdığını müşahidə etdiyimiz bir zamanda dördüncü sənaye inqilabının və postpandemiya dövrünün gətirdiyi yeni çağırışlar hər bir ölkədə yeni iqtisadi mühitin tənzimlənməsini zəruri edir. Azərbaycan da öz növbəsində bu proseslərdən kənarda qalmış, davamlı iqtisadi inkişafı təmin etmək üçün istər ölkə daxilində islahatlar aparır, istərsə də beynəlxalq müstəvidə yeni-yeni iqtisadi uğurlara imza atır.
Müasir dövrdə milli iqtisadiyyatımızın dördüncü sənaye inqilabı çağırışlarına cavab verməsi müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin Azərbaycana hələ ilk rəhbərlik etdiyi dövrdə iqtisadi və sosial inkişafında həll olunmamış bir sıra problemləri olan Sovet Azərbaycanı üçüncü sənaye inqilabını reallaşdırmağa nail oldu.
Heç kəsə sirr deyil ki, Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilənə qədər respublikada bütün sahələrdə, xüsusilə sosial-iqtisadi sahədə geriləmə özünü göstərirdi. Ölkə iqtisadiyyatında dərin və uzunmüddətli böhran yaşanır, Azərbaycan Sovetlər birliyinin geridəqalmış aqrar respublikasına çevrilmişdi. Həmin məqamda mövcud vəziyyəti düzgün dəyərləndirən Heydər Əliyev respublikanın gücünü, əhalinin rifah halının yaxşılaşdırılmasını, bütövlükdə siyasi müstəqilliyin təməlini məhz dayanıqlı iqtisadi inkişafın təmin olunmasında görürdü.
Bu baxımdan XX əsrin 70-ci illərini Azərbaycanın ilk inkişaf mərhələsi kimi adlandırmaq olar. O dönəmdə ulu öndərin gərgin, ardıcıl işinin, tətbiq etdiyi düzgün və səmərəli idarəetmə modelinin nəticəsi olaraq artıq 1982-ci ildə ötən onilliklə müqayisədə məcmu ictimai məhsul 2,3, milli gəlir istehsalı 2,3, sənaye məhsulları istehsalı 2,2, kənd təsərrüfatı məhsulları istehsalı 2,2 dəfə artmış, nəticədə pərakəndə ticarət dövriyyəsi 79 faiz yüksəlmişdi.
Daha sonra 1993-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının təkidi ilə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmiz bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlər əldə etdi.
Belə ki, 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması müstəqil Azərbaycanın iqtisadiyyatının əsasını və gələcək davamlı inkişafını təmin etdi.
Ümummilli liderin andiçmə mərasimində söylədiyi “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm” sözləri öz təsdiqini əməli işdə tapdı.
Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başladı. Ulu öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çox böyük cəsarətlə çıxarıb, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edərək onun həyata keçirilməsi üçün mühüm addımlar atdı. Onun fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, dünya iqtisadiyyatına inteqrasiya əsas prioritetlərdən biri idi. Ümummilli liderin qeyd etdiyi kimi, Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi, onun vətəndaşlarının güzəranının, həyat tərzinin yaxşılaşması üçün əsas şərtlərdən biri də, şübhəsiz ki, respublikanın iqtisadi potensialıdır.
O, qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə, beynəlxalq müqavilələrin imzalanmasına nail oldu, eyni zamanda sahibkarlığa, sərbəst rəqabətə yol açan sosialyönümlü iqtisadiyyat modelinin əsasını qoydu.
İqtisadiyyatımızın şəxaləndirilməsində əhəmiyyətli rola malik, qeyri-neft sektorunun sütunlarından sayılan kənd təsərrüfatı sahəsi də məhz ulu öndərin rəhbərliyi altında inkişaf etməyə başladı.
Təbiətin Azərbaycana verdiyi imkanlardan və potensialdan yalnız Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı illərdən etibarən daha geniş, düzgün və səmərəli istifadə edilməyə başlanıldı.
Heydər Əliyev xalqımızın əvəzsiz sərvəti olan torpaqdan, xüsusilə əkinçiliyin qızıl fondu sayılan suvarılan torpaqlardan daha səmərəli, daha təsərrüfatçılıqla istifadə etməyin forma və metodlarını öyrətdi. Azərbaycanda kənd təsərrüfatını sürətlə inkişaf etdirməyin mümkünlüyünü sübut etdi, bu sahədə, sözün əsl mənasında, dönüş yaratdı.
1994-cü ildə Prezident Sarayında kənd təsərrüfatı problemlərinin həllinə həsr olunmuş müşavirədə çıxışı zamanı ulu öndər demişdi ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir:
“Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir, demək olar ki, yarısından çoxudur. Sənayenin də bir hissəsi, ola bilsin, böyük bir hissəsi kənd təsərrüfatı məhsulları istehsalı ilə bağlı olduğuna görə, kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyəti var.”
Azərbaycan iqtisadiyyatının ayrılmaz hissəsi olan enerji siyasətinin inkişafı da ümummilli liderin adı ilə bağlıdır. Azərbaycanın neft yataqlarını ən böyük milli sərvətimiz adlandıran Heydər Əliyev hər zaman bu sərvətin gələcək nəsillər üçün də əhəmiyyətini vurğulayıb. 1994-cü ildə ulu öndərin rəhbərliyi ilə imzalanmış Əsrin Müqaviləsini mükəmməl icra etmiş Azərbaycan bütün tərəfdaş dövlətlərin, habelə iştirakçı beynəlxalq konsorsiumların etibarını qazandı. Bu gün əsası qoyulmuş həmin enerji siyasəti Prezident İlham Əliyev tərəfindən dövlət maraqlarının təmin olunması üçün hər bir sahədə məharətlə istifadə olunur.
Azərbaycan artıq yaşıl iqtisadiyyatın təşviqi və yaşıl enerjinin istehsalı sahəsində də vacib layihələrin həyata keçirilməsinə başlayıb. Bu baxımdan ölkədə neft və qazdan əlavə istehsal olunan alternativ enerjinin xarici ölkələrə nəql olunması istiqamətində dünya dövlətləri mövcud əlaqələrin daha da dərinləşməsinə böyük maraq nümayiş etdirirlər.
Beləliklə, bu gün Azərbaycanın hər bir platformada əldə etdiyi iqtisadi uğurlarının əsasında ulu öndər Heydər Əliyevin düzgün gələcəyə hədəflənmiş müəyyən etdiyi siyasət dayanır. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bu, nəinki döyüş meydanında əldə etdiyimiz zəfərin, eyni zamanda dövlətin və dövlətçiliyin inkişafı, qorunmasına yönəlik bütün sahələri əhatə edən strategiyaların son 20 il ərzində uğurla davam etdirildiyinin göstəricisidir.
Məzahir Əfəndiyev Azərbaycan Respublikası Milli Məclisinin deputatı