Apr 27

“Keçmiş adamların” ən pis məşhur məsləhətləri - SİYAHI + FOTO

Keçmişdə bizə öyrədilən bəzi tövsiyələr xeyir əvəzinə geri dönüşü olmayan zərərlər verir.

Bu barədə rusiyalı ailə psixoloqu Olqa Romaniv danışıb.

O, bunlardan biri kimi “boşqabda olan yeməyin hamısını bitirmək” tövsiyəsini göstərib. Psixoloqun sözlərinə görə, bu, həddindən artıq yeməyə və piylənməyə, nəticədə isə sağlamlıqla bağlı ciddi xəstəliklərə səbəb ola bilər.

Romaniv ikinci mənfi tövsiyənin “duyğulara fikir verməmək” olduğunu deyib:

“Bu, mənfi hisslərin boğulmasına və yığılmasına səbəb ola bilər. Beləliklə də gec, ya tez psixoloji problemlər yaranır. Emosiyalara məhəl qoymamaq yolverilməzdir, onları idarə etməyi və adekvat şəkildə ifadə etməyi öyrənmək daha yaxşıdır. Qəzəb, qorxu və ya kədər kimi neqativ duyğular həyatımızda problemləri və ya çətinlikləri göstərən faydalı siqnallardır. Bu siqnallara məhəl qoymamaq şəxsi inkişaf imkanlarının əldən çıxması ilə nəticələnir”.

Romanivin sözlərinə görə, “problemlər haqqında susmaq” məsləhəti həmçinin insana lazım olan köməyi və ya dəstəyi almağa imkan vermir. O bildirib ki, problemlər haqqında danışmaq onların həlli istiqamətində mühüm addımdır, problemlərin gizlədilməsi isə onların kəskinləşməsinə gətirir, bu da sağlamlığa və rifaha mənfi təsir göstərir.

Psixoloq daha bir mənfi tövsiyənin gəncləri təcrübəsiz sayaraq, “onların fikrinə qulaq asmamaq” olduğunu deyib:

“Bir insanı yalnız yaşına görə qiymətləndirmək düzgün deyil. Gənc də yetkin və ağ saçlı insan qədər dəyərli təcrübə və biliklərə sahib ola bilər. Üstəlik, gənclərin dünyaya fərqli baxışları var, bu da cəmiyyətin inkişafına töhfə verir. Gələcək gənclərindir. Onların öz fikrinə sahib olmaq hüququnu tanımaqdan imtina etmək nəsillər arasında uçurum və anlaşılmazlıqlara səbəb ola bilər. Bu səbəbdən gənclərin fikirlərini dinləmək, onlara hörmət etmək və cəmiyyətin inkişafına töhfə vermək imkanı yaratmaq vacibdir”.

Romaniv sonda keçmişdən gələn məsləhətlərin ancaq aktual olacağı və müasir həyat şəraitini nəzərə alacağı təqdirdə faydalı olduğunu vurğulayıb.

Mənbə: Moslenta

Bənzər xəbərlər

Gündəm

0.027227878570557