Apr 18

Bakıda xəstəxanaya yerləşdirilən şagirdlər evə buraxıldılar - YENİLƏNİB + VİDEO

Bakıda xəstəxanaya yerləşdirilən məktəblilərin hamısı evə buraxılıblar.

Bu barədə “Report”a Bakı şəhəri 149 saylı orta məktəbdən məlumat verilib. 

Bildirilib ki, aprelin 18-da 149 nömrəli tam orta məktəbdə özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən şagirdlərin hamısı müvafiq müayinə və tibbi prosedurlardan sonra evə buraxılıb.

18:05

Bakı şəhəri 149 nömrəli məktəbin xəstəxanaya yerləşdirilən şagirdlərinin son durumu açıqlanıb.

TƏBİB-dən Mozalan.az-ın sorğusuna cavab olaraq bildirilib ki, şagirdlərin səhhətində yaranan narahatlıqla bağlı qurumun tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub. Təcili tibbi yardım briqadaları çağırış ünvanına cəlb edilib:

“Təcili tibbi yardım briqadaları tərəfindən 15 məktəbli (səkkizi qız, yeddi oğlan) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib. Doqquz nəfər ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda altı nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir”.

149 nömrəli məktəbdən Mozalan.az-a verilən məlumatda isə halı pisləşən şagirdlərin sayının 16 olduğu bildirilib.

17:53

Bu gün Binə qəsəbəsi 149 saylı orta məktəbdə 15 şagird naməlum səbəbdən özlərini narahat hiss edib.

“Report”un əldə etdiyi məlumatı məktəb təsdiqləyib.

Məktəbdən bildirilib ki, aprelin 18-də məktəbdə 15 şagird naməlum səbəbdən özlərini narahat hiss edib:

“Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardıma məlumat verilib və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıblar.

Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib.

Müvafiq müayinələrdən və tibbi prosedurlardan sonra şagirdlərin ümumi vəziyyətinin qənaətbəxş olduğu bildirilir”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sözçüsü Zamirə Ədilova isə məsələdən xəbərsiz olduğunu deyib:

“Bizdə belə bir məlumat yoxdur”.

Könül Cəfərli

Bənzər xəbərlər

Gündəm

0.14724206924438