Hərbi attaşelər FHN Akademiyasında olublar - FOTO
Azərbaycanda akkreditə olunmuş bir sıra xarici ölkə səfirliklərinin hərbi attaşeləri Fövqəladə Hallar Nazirliyinin Akademiyasında olublar.
Nazirlikdən verilən məlumata görə, FHN Akademiyasının rəisi general-mayor Baba Salayev və Nazirliyin Baş hərbi eksperti polkovnik Fərhad Səmədovun iştirakı ilə keçirilən görüşə Türkiyə, ABŞ, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Bolqarıstan, Çin, Rusiya Federasiyası, Qazaxıstan, Koreya, Pakistan, Ukrayna, Polşa, Belarus, Rumıniya və Səudiyyə Ərəbistanı səfirliklərinin hərbi attaşeləri qatılıblar.
Əvvəlcə, qonaqlar ulu öndər Heydər Əliyevin FHN-in Akademiyasının həyətində ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, ümummilli liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Qonaqları səmimi salamlayan Akademiyanın rəisi general-mayor Baba Salayev bildirib ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2 iyun 2008-ci il tarixli Sərəncamına əsasən yaradılıb. Ölkə başçısının diqqət və qayğısı sayəsində qısa müddət ərzində Akademiyanın müasir standartlara cavab verən maddi-texniki bazası formalaşdırılıb.
Akademiyanın fəaliyyəti barədə ətraflı məlumat verən B.Salayev ali təhsil müəssisəsində tədris prosesinin yüksək səviyyədə təşkili üçün hərtərəfli şəraitin yaradıldığını, xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlandığını, fövqəladə halların qarşısının alınması ilə bağlı fundamental və tətbiqi elmi-tədqiqat işlərinin aparıldığını diqqətə çatdırıb.
O, tədris prosesi ilə yanaşı, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə və sağlam həyat tərzi keçirmələrinə xüsusi diqqət göstərildiyini vurğulayıb. Həmçinin, B.Salayev ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən bəhs edib, Akademiyanın fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində zəngin təcrübəyə malik xarici ölkələrin müvafiq təhsil müəssisələri ilə təcrübə mübadiləsindən danışıb.
Sonra Akademiyanın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra hərbi attaşelər Akademiyanın Heydər Əliyev Mərkəzinə və Muzeyinə baş çəkib, fənn kabinetləri, laboratoriyalar, kitabxana, tədris və təlim bazası, tibb müəssisəsi və kursantların yataqxanası ilə yaxından tanış olublar.
Qonaqlar, həmçinin Nazirliyin İdman-sağlamlıq klubunda da olublar.
Səmimi görüşə görə təşəkkür edən hərbi attaşelər peşəkar kadrların hazırlanması üçün yaradılmış yüksək səviyyəli şəraitin təqdirəlayiq olduğunu vurğulayıb və FHN Akademiyasının kollektivinə uğurlar arzulayıblar.