Fransa arzularının ÇİN olması üçün Cənubi Qafqazı qaynar qazan etmək istəyir - TƏHLİL + FOTO
Fransa qlobal siyasətdə ABŞ-Britaniya ikilisi tərəfindən qoyulan “blokada”nı yarmaq üçün başqa ölkələrin maraqlarına toxunmağı müqəddəs missiya sayır.
İtirə biləcəyi strateji mövqelərini geri qaytarmaq üçün Fransa səhnə arxasında ABŞ-Britaniya ikilisi ilə artan gərginliyini Çinlə əlaqələr hesabına öz xeyrinə dəyişmək istəyir.
Fransa Prezidenti Emmanuel Makronun Çinə üçgünlük səfəri, ÇXR lideri Si Cinpinlə görüşü Parisin qlobal teatrda böyük rol oynamaq cəhdlərini göstərir. Son məqsəd London-Vaşinqton xəttindəki müştərək strateji maraqları zədələmək və prosesə Çini cəlb etməkdir.
Hərçənd, Makron özünün Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi üçün etibarlı moderator olduğu qənaətini yaradır. Lakin axtarış motorlarında qarşıya fərqli mənzərə çıxır: Fransa Çinin Rusiyanı Ukraynaya qarşı maliyyələşdirməsindən zərrə qədər də narahat deyil.
Yəni Fransa özünə yer edir və öz müttəfiqlərini ayağa verməyi belə, şərəf sayır – elə Makronun Çinə səfərdən sonra “Fransa ABŞ-nin vassalı yox, tərəfdaşıdır” deməsi də eyni məzmuna vurğu kimi anlaşıla bilər.
Qısası, Makronun Çin səfəri Qərbin Rusiyaya qarşı sərt davranmaq səylərinə dəstək verməyə yox, onu puç etməyə hesablanmışdı.
Fransanın əsas dərdi Böyük Britaniya və ABŞ-dir, bunun təfsilatını və məzmunlu təfərrüatını təsvir etmək ayrıca mövzunun predmetidir.
Qısa və ümumi təsvirlə Fransanın tutduğu mövqeyə nəzər salmağımızın məqsədi onun Cənubi Qafqazda fırfıra kimi dövrə vurmasını daha aydın izah etmək üçündür.
Fransa qlobal səhnədə büdrəyir və yıxılmaq təhlükəsi ilə üzləşdiyi üçün regional panoramlarda itkilərini kompensasiya etmək üçün vurnuxur.
Onun Cənubi Qafqazda köməyinə gələ biləcək üç fiqur var – Rusiya, Ermənistan və İran.
Bu üç fiqurdan ən yaxşı anlaşa bildiyi Ermənistandır, digərlərini isə taktiki həmlələrində bir vasitə kimi nəzərdən keçirir, Tehranla bu məsələdə daha çox yaxınlaşır, Moskva isə Paris üçün sərhədlər qoyur.
Hər vəchlə Fransa regionda at oynatmaq istəyir və bunu ənənəvi tezisləri ilə bağıraraq göstərir.
Fransanın boğazını yırtmasının səbəblərindən biri də Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi fonunda Qərbin iki əsas gücü - ABŞ və Böyük Britaniya ilə tərəfdaşlıq münasibətlərini gücləndirməsidir. Lakin Bakı bunu Parisə müqavimət oxu formalaşdırmaq üçün deyil, ikitərəfli və çoxtərəfli əlaqələri dərinləşdirmək məqsədilə həyata keçirir.
Fransanın regionda əlində tuta biləcəyi etibarlı kart Ermənistandır, lakin getdikcə həmin kart cırılır, Paris isə ona yamaq vurmağa çalışır.
Azərbaycan-Ermənistan sərhədinin Laçın rayonu istiqamətində baş verən sonuncu insidentdən sonra Fransanın verdiyi ədalətsiz bəyanat da Ermənistanın revanşist xülyalarını malaladı.
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatında sərhədlərin delimitasiyasının danışıqları yolu ilə aparılmasına çağırışlar edilir və bu, Azərbaycan qoşunlarının geri çəkilməsinə çağırış fonunda səsləndirilir.
Birincisi: Heç bir dövlət sərhədlərinə təhdid yarananda onu mühafizə etmək üçün qoşunlarını geri çəkmir.
Fransanın özünün sərhədlərinə təhdid olanda onun necə davranacağını təsəvvürə gətirmək belə olmaz. Çünki Fransa qəddardır, müharibə və döyüşlərin özünəməxsus etik çərçivələrini tanımır.
İkincisi: Azərbaycan Ermənistanla sərhədə çıxış etməmişdən öncə Fransa Ermənistanı qoşunlarını geri çəkməyə səsləmirdi.
Fransanın ərazi bütövlüyü anlayışını Ermənistana münasibətdə “ali dəyər” kimi sırımaq cəhdi Azərbaycana qarşı riyakarlıq və aqressiyanın nəticəsidir. Hərçənd, Fransa faktiki olaraq dəfn edilmiş ATƏT-in Minsk qrupunun həmsədri olarkən Azərbaycanın ərazi bütövlüyünü yada salmırdı.
Mümkündür ki, Fransa kəşfiyyat strukturlarına yeni təlimatlar verərək regionda Azərbaycan, onun tərəfdaşları və strateji müttəfiqi Türkiyəyə qarşı “bıçaq” çəkməyə davam edəcək. Bu, müxtəlif formalarda təzahür edə bilər.
Fransanın daxili qaynayır, ölkədə sosial etirazlar “bərq” vurur. Lakin Paris problemləri yoluna qoymaqdan qaçaraq beynəlxalq siyasətdə “qarayara” kimi qalmaqda davam edir.
Fransanın tutduğu mövqe və perspektivdə təxribatların gizli həmmüəllifinə çevrilmək ehtimalı onun regionda təhlükəsizliyə necə ziyan vura biləcəyinin kodlarını açmağa yardımçı ola bilər.
Aqşin Kərimov