Apr 13

Ukrayna vətəndaşı Rusiya pasportunu almaqdan imtina etdiyi üçün girov saxlanılır - FOTO

Rusiya artıq 4 aydan çoxdur ki, Ukrayna vətəndaşı olan 25 yaşlı Krım tatarı Lenie Umerovanı girov saxlayır.

Bu barədə Krım İnsan Haqları Qrupu məlumat verib.

Bildirilib ki, dekabrın əvvəlində Umerova Kiyevdən işğal olunmuş Krıma - xərçəng xəstəsi olan atasının yanına getməyə çalışıb. O, Gürcüstan-Rusiya sərhədini keçdikdən sonra guya rejim zonasının qaydalarını pozduğuna görə saxlanılıb.

Martın 16-dək Umerova Vladiqafqaz yaxınlığında xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzində saxlanılıb. Bundan sonra o, dövlət sərhədinin rejimini pozmaqda təqsirli bilinib və 2000 rubl məbləğində cərimələnib.

Lenie Umerova bildirib ki, gecə onu mərkəzdən buraxıblar, lakin darvazada naməlum şəxslər onu tutublar, başına torba keçiriblər və Vladiqafqazın tanış olmayan rayonuna aparıblar. Orada Umerova saxlanılmasının səbəblərini soruşduğu üçün polislər tərəfindən həbs edilib və itaətsizlikdə ittiham olunub. Qız barəsində protokol tərtib edilib, məhkəmə ona 15 sutka həbs təyin edib.

Daha sonra ona qarşı yenidən analoji protokol tərtib edilib və bu dəfə telefonunu təhlükəsizlik qüvvələrinə verməkdən imtina etdiyinə görə ittiham olunub. Martın 27-də məhkəmə yenidən ona 15 sutka həbs təyin edib və Umerova Beslana köçürülüb. Aprelin 9-da ona qarşı yenidən polisə tabe olmadığına görə protokol tərtib edilib, bir neçə gün sonra məhkəmə ona daha 15 sutka həbs təyin edib.

Qızın qardaşı Əziz Umerov bildirib ki, onun yeganə “günahı” Rusiya pasportu almaması olub.

O, bu işə biganə qalmayan ictimai fəalları, hüquq müdafiə təşkilatlarını və bu kimi dövlət orqanlarını Lenienin əsirlikdən azad olunmasına kömək etməyə çağırıb.

“Terrorçu ölkə beynəlxalq hüquq normalarını pozaraq günahsız insanı, 25 yaşlı qızı - Ukrayna vətəndaşını girov saxlayır”, - deyə o, özünün “Facebook” səhifəsində yazıb.

Mənbə: UNİAN

Bənzər xəbərlər

Gündəm

0.039994955062866