“NASA”, “JAXA”, “Boeing” Beynəlxalq Konqresdə iştirak üçün Bakıya gələcəklər
Bir sıra kosmik agentlik və kosmik sahədə fəaliyyət göstərən təşkilat Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirakını təsdiqləyib.
“Trend” xəbər verir ki, bu barədə “Azərkosmos” ASC-nin Beynəlxalq Astronavtika Konqresinə hazırlıq şöbəsinin direktoru Rəna Cəfərova Astronavtika Konqresinə həsr olunmuş media-brifinqdə deyib.
“ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi (NASA), Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA), “The Boeing Company”, dünyanın ən iri aviatikinti şirkətlərindən biri olan “Airbus”, Avropa Kosmik Agentliyi artıq Beynəlxalq Astronavtika Konqresində iştiraklarını təsdiqləyiblər”, - deyə o bildirib.
Xatırladaq ki, Beynəlxalq Astronavtika Konqresi (BAK) 1950-ci ildən bu yana hər il Beynəlxalq Astronavtika Akademiyasının və Beynəlxalq Kosmik Hüquq İnstitutunun dəstəyi ilə Beynəlxalq Astronavtika Federasiyası (BAF) tərəfindən təşkil olunur.
Azərbaycanda BAK tədbirinin tarixi 1973-cü ilə gedib çıxır. Belə ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həmin il 7-13 oktyabr tarixlərində “Kosmik tədqiqatlar - elm və texnikaya nüfuz” devizi altında 24-cü BAK Azərbaycanda keçirilib, bununla da Bakı regionumuzda bu tədbirin təşkil olunduğu ilk şəhər olub. 25-29 oktyabr 2019-cu il tarixlərində isə BAF-ın Vaşinqtonda keçirilən Baş Assambleyasında Bakı ikinci dəfə beynəlxalq kosmik sənayenin ən nüfuzlu tədbirinə ev sahibliyi etmək hüququ qazanmışdır. Beləliklə, 2-6 oktyabr 2023-cü il tarixlərində paytaxt şəhərimizdə Azərbaycan Respublikasının Kosmik Agentliyi - “Azərkosmos”un ev sahibi qismində çıxış etdiyi 74-cü BAK “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusu altında keçiriləcək.
Qeyd edək ki, “Azərkosmos” ASC-nin “Azerspace-1” və “Azerspace-2” adlı iki kommunikasiya peyki, həmçinin aşağıorbitli “Azersky” peyki var. 2022-ci ilin yekunlarına əsasən, səhmdar cəmiyyətin peyk və telekommunikasiya xidmətlərinin satışından gəliri 26,6 milyon dollar olub.