Apr 09

Pozitivə köklənən rəqəmlər: Tibbi sığortanın maliyyələşməsində artan məbləğ xidmətə necə təsir edib? - FOTO

Daha öncə bir neçə regionda pilot layihə olaraq icra edilən icbari tibbi sığortanın 2021-ci ilin aprel ayından bütün ölkə üzrə tətbiqinə başlanılıb. 2021-ci ildə icbari tibbi sığortanın maliyyələşdirilməsinə 843 milyon 883 min 220 manat məbləğində vəsait sərf edilmişdi. 2022-ci ildə 1 milyard 125 milyon 674 min 629 manat vəsaitin ayrılmışdı. 2023-cü il üçün isə 2 milyard 393 milyon 243 min 970 manat xərclənməsi nəzərdə tutulub. Yəni ildən-ilə icbari tibbi sığortanın maliyyələşməsinə ayrılan məbləğ artır.

Bəs xidmət, xidmətdən istifadə necə dəyişib?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirildi ki, 2021-ci ildə ölkə üzrə 4 053 636 şəxs tibb müəssisələrinə müraciət edib və onlara 10 348 289 müraciət üzrə 22 954 649 tibbi xidmət göstərilib. 2021-ci ildə göndərişlə agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində 27 305 cərrahiyyə əməliyyatı icra olunub. Tibbi xidmətlərdən 8 131-ni ürək-damar əməliyyatları, 4589-nu oftalmoloji əməliyyatlar, 1903-nü urologiya, 1011-ni neyrocərrahiyyə, 523-nü travmatologiya, 300-nü endoprotez, 285-nı lor, 158-ni koxlear implantasiya və digər tibbi xidmətlər üzrə aparılan əməliyyatlar təşkil edib.

2022-ci ilin 11 ayı üzrə də rəqəmlər məlumdur. Bildirilir ki, yanvar-noyabr ayları ərzində dövlət tibb müəssisələrinə 4 354 632 şəxs 16 374 103 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 40 277 004 olub. Tibbi xidmətlərin 84 faizi ambulator, 16 faizi stasionar şəraitdə göstərilib. Ötən ilin 11 ayı ərzində göndərişlə agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində 77 241 cərrahiyyə əməliyyatı icra olunub. Tibbi xidmətlərdən 25 028-ni oftalmoloji əməliyyatlar, 21 188-ni ürək-damar əməliyyatları, 3 283-ni urologiya, 2 915-ni neyrocərrahiyyə, 1 093-nü travmatologiya, 1 687-ni endoprotez əməliyyatı, 804-nü ümumi cərrahiyyə, 586-nı lor və digər tibbi xidmətlər üzrə aparılan əməliyyatlar təşkil edib.

Rəqəmlərdə görünən odur ki, xidmətin əhatə dairəsi ildən-ilə genişlənir. Bəs ümumilikdə, bu sahədə hazırda vəziyyət necədir?

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli deyir ki, 4 milyon 300 mindən çox insanın ötən ilin 11 ayında icbari tibbi sığorta xidmətindən yararlanması insanların icbari tibbi sığortanın imkanlarından istifadə etdiyini göstərir: “Razı olub-olmadıqlarını deyə bilmərəm, ancaq insanlar da çalışırlar ki, tibbi xidmətə ehtiyacları olanda sığorta ilə qarşılasınlar. Statistika həm də onu deyir ki, Azərbaycan səhiyyəsi insanlara bu qədər tibbi xidmətlər göstərmək gücündədir”.

İ.Hüseynli bildirdi ki, rəqəmlərdə artım olsa da, xidmətlə bağlı problemlər az deyil: “İcbari tibbi sığortadan istifadə edənlərin böyük növbələrdə gözləməsi məsələsi var. Regionlarda kardiocərrah, neyrocərrah, hətta terapevt və s. ciddi həkim çatışmazlığı var. İnfeksion xəstəliklərlə bağlı vəziyyət problemlidir. Xüsusilə regionlarda insanlar istədikləri xidməti ala bilmir”.

Millət vəkili Müşfiq Məmmədli deyir ki, icbari tibbi sığorta uğurla tətbiq edilir: “İcbari tibbi sığortanın tətbiqi ilə biz dövlət tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşmasını, əhalinin dövlət tibb müəssisələrinə müraciət sayının artmasını görürük. Dövlət tibb müəssisələrinə əvvəllər göstərilməyən tibbi xidmətlər əlavə edilib. Özəl tibb müəssisələrinin bir qisminin bu prosesdə iştirak etməsi, o cümlədən Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxanaların da bu ildən bu prosesə qoşulması sığorta ilə əhatə olunma faizini artırır. Əhalinin dövlət tibb müəssisələrinə müraciət sayının bundan sonra da artmasının şahidi olacağıq”.

Millət vəkili uğurlarla yanaşı müəyyən problemlər olduğunu da bildirdi: “Bəzən tibb müəssisəsinə gələn vətəndaşların - xüsusilə regionlarda - maarifləndirilməsində çatışmazlıqlar müşahidə olunur. Bəzən öz işlərinə vicdanla yanaşmalı olan şəxslərin bu proseslərdən sui-istifadə hallarını görürük. Digər tərəfdən, hətta böyük şəhərlərin tibb müəssisələrində də xidmətin keyfiyyətində çatışmazlıqların şahidi oluruq. Bəzi hallarda rəhbər vəzifəli şəxslər öz qulluq mövqelərindən sui-istifadə edirlər. Dövlət proqramlarının həyata keçirilməsində bəzi nöqsanların şahidi oluruq.

Hələ özəl və dövlət münasibətlərinin tənzimlənməsində istənilən nəticəni də əldə etməmişik. Özəl və dövlət tibb müəssisəsi arasında seçim edilərkən bəzən özəl müəssisələr önə verilir. Orda hansı standartlardan istifadə olunması ilə bağlı tam dolğun məlumatlar yoxdur”.

M.Məmmədli deyir ki, dövlət tibb müəssisələrində infrastruktur çatışmazlığı da var: “Dövlət tibb müəssisələrinin bəziləri kifayət qədər infrastruktura və imkanlara sahibdirlər. Ancaq bəzən tibb müəssisələrində infrastruktur çatışmazlığı görürük. Regionlarda həm tibb işçilərinin, həm də orta tibb personalının çatışmazlığı problemi var. Ümumiyyətlə, dövlət müəssisələrində - xüsusilə regionlarda yeni xidmətlərin təşkili istiqamətində hələ atılacaq çox addım var”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirildi ki, 2023-cü ildə daha 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulur. Yeni tibbi xidmətlər limitli qaydada orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi, oftalmoloji və travmatoloji əməliyyatları əhatə edir.

Habelə agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin artırılması, dövlət tibb müəssisələrində maddi texniki bazanın yaxşılaşdırılması, vətəndaşları icbari tibbi sığorta ilə bağlı yeniliklərlə maarifləndirilmək üçün tədbirlərin davam etdirilməsi, e-təbib mobil tətbiqi vasitəsilə həkimlərin qəbulu üçün onlayn növbələrin yazılması və digər addımlar qurumun prioritet istiqamətlərindəndir. Bundan başqa, hər il olduğu kimi, səhiyyə işçilərinin əməkhaqlarının artırılması üçün tədbirlər görülməsi də nəzərdə tutulub.

Bununla yanaşı, cari ildə həkim heyəti üzrə mövcud olan kadr çatışmazlığı probleminin aradan qaldırılması yönündə addımlar davam etdirilir. Belə ki, agentlik tərəfindən təsdiq edilən “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”ın tibbi xidmətlərin keyfiyyətini artırmaq, vətəndaşların xidmətlərə əlçatanlığını təmin etmək, ümumilikdə səhiyyənin inkişafına təkan vermək kimi bir sıra üstünlükləri var. Proqramın tətbiqi xaricdə təhsil almış həkimlərimizi ölkəmizdə çalışmağa cəlb etmək məqsədi daşıyır. Proqram üzrə 2023-cü ildə də həkimlərin işə qəbulu davam etdirilir. Qeyd edilir ki, proqram üzrə qəbul olunan cərrahi və radioloji profilli ixtisaslar üzrə həkim-mütəxəssislərin həvəsləndirici əlavələrinin məbləği 6500 manatdan, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 5000 manatdan az olmamaq şərtilə müəyyən olunub. Proqram 2 il müddəti əhatə edir, müddət bitdikdən sonra proqram üzrə işə qəbul olunmuş həkimlər öz əmək fəaliyyətlərini çalışdıqları tibb müəssisələrində davam etdirəcək və əməkhaqlarına tətbiq edilən sabit və həvəsləndirici əlavələr onlara da şamil ediləcək.

Habelə növbəti illərdə Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən tibb müəssislərinin təcili tibbi yardım avtomobili ilə təmin edilməsi nəzərdə tutulub.

Bənzər xəbərlər

Gündəm

0.026196956634521