İran kəşfiyyatı necə işləyir? - Ana xətt, MOSSAD-ın keçmiş əməkdaşının dörd istiqamət üzrə izahı - ŞƏRH + FOTO
İran kəşfiyyatı necə işləyir - bu sual Tehranın son iki il ərzində dünya üzrə özünə rəqib gördüyü dövlətlərin vətəndaşlarına, molla rejiminə dissident olan şəxslərin “ovu”na çıxmasından sonra aktuallıq dərəcəsini artırır.
Mövzu İranın Azərbaycana qarşı terrorçuluq fəaliyyəti fonunda da maraq doğurur.
Hərçənd ki, İran kəşfiyyatının əsasını təşkil edən güclü ideoloji əsaslar olduğu məxfi qrif altında deyil və beynəlxalq ictimaiyyətə bəllidir. Heç İran özü də bunu gizlətmir və aşkar şəkildə həmin ideyaları insanların dini inanclarının istismar edilməsi üçün yönəldir.
Bu xətt İrana proksi qüvvələr formalaşdırmaq, islam coğrafiyasında dövlətlərə təzyiq etmək metodlarını yaratmaq və inkişaf etdirmək üçün lazımdır.
İran kəşfiyyatının ana bazasında, əsasən, müsəlman arealında ölkənin klerikal-bürokratik zümrəsinə sorğusuz itaət edə biləcək kütlə ərsəyə gətirmək dayanır.
Molla rejimi düşünür ki, islam dininin təhrif olunmuş şəkildə, İranın ideoloji mayası olan siyasi şiəliyin çərçivəsinə salınaraq kütlələrə çatdırılması xeyli tərəfdar toplayacaq.
Tərəfdar toplandıqdan sonra isə inanc, islam adı altında İranın maraqlarını təmin edəcək addımlar atılır, kütlələrdən İran kəşfiyyatının büdcəsinə xeyir verən xümslər toplanılır və həmin pullar dövriyyəyə buraxılır. Qısası, İrana xüms adı ilə göndərilən milyonlar molla rejiminin şəxsi sərvətini artırmaqla yanaşı, həm də onun bir qisminin terrora, təxribata xərclənməsi ilə nəticələnir.
Bu sxem ana xətdir, ancaq İranın yeni kəşfiyyat planları bir neçə yeni istiqamət yaradır. Yeni deyəndə ki, əslində, innovativ və ifşaya qapalı bir sxem kimi də təsnifatlandırmaq olmaz. Hər halda bəzi detallar maraq doğurur deyə onları təqdim etməkdə fayda var.
Fikir verək, İran son zamanlar xarici ölkə vətəndaşlarından ibarət bir şəbəkə yaradıb və onları Yunanıstanda, Gürcüstanda yəhudi iş adamlarını öldürmək üçün təlimatlandırıb.
İran xüsusi xidmət orqanlarının terror hüceyrələri yaratmaq cəhdlərinin fəaliyyət üsullarını İsrailin ali kəşfiyyat orqanı olan MOSSAD-ın keçmiş əməkdaşı Haim Tomer daha aydın izah edir.
Tomer MOSSAD-ın Beynəlxalq Əlaqələr və Əməliyyatlar Departamentinin keçmiş rəisidir. O, dövlətinin xaricdəki hərəkətlərini təşkil edən şəxslərdən biri olub.
Tomer “Ekathimerini-com” nəşrinə müsahibəsində deyir ki, İranda çoxlu kəşfiyyat orqanları var və onların ölkə hüdudlarından kənarda fəaliyyət göstərən alt təşkilatları mövcuddur.
Onun sözlərinə əsasən, İran kəşfiyyatının iş rejimini dörd əsas xətt ilə xarakterizə etmək olar.
Birinci xətt inkarçılıqdır. Daha dəqiqi, İran xarici ölkə vətəndaşlarından ona görə istifadə edir ki, onlar ifşa ediləndə asanlıqla “bu, bizim kəşfiyyatın adamı deyil” deyə bilsin.
İkinci istiqamət - səfirliklər, böyük şirkətlər, ciddi şəkildə qorunmayan böyük obyektlərə qarşı hücumların həyata keçirilməsidir. Bu, onlar üçün çox mürəkkəb olmayan əməliyyat planı hazırlamasına gətirib çıxarır.
Təcrübəsini bölüşən Tomerin dediyinə görə, üçüncü xətt belədir ki, İran elə ölkələrdə kəşfiyyat-pozuculuq fəaliyyəti hazırlayır ki, agentura şəbəkəsi ifşa edilsə belə, Tehranın strateji maraqlarına xələl gəlməsin.
Sonuncu, dördüncü xətt isə uzun sərhədləri - dəniz və ya quru sərhədləri olan ölkələri tapmaqdır ki, onların xalqlarının inancına rahatlıqla sıza bilsinlər və lazımi alətləri keçirə bilsinlər.
Təbii ki, İran maksimum şəkildə çalışır ki, agentləri tutulmasınlar. Ancaq bu istəyin “müqəddəslik dozası” əməliyyatın xarakterinə görə dəyişir.
Buna görə də daha məxfi və daha gizli işlər üçün operatorlar fərqli üsulla seçilir. Bu zaman qabiliyyətli, gizli fəaliyyət göstərə bilən insanları tapmaq bir nömrəli mülahizə kimi qarşıya qoyulur.
Əsas məqsəd odur ki, həmin insanlar gizli əməliyyatlar apara bilsinlər. Bəzi işəgötürmələr birbaşa SEPAH-ın Qüds Qüvvələrinin tabeliyində olan “Hizbullah”ın operatorları tərəfindən həyata keçirilir. Beləliklə, dünyanın hər yerindən İran mollalarına beyət edən şiələr bir çətir altında toplanırlar.
İran kəşfiyyatı hədəfi seçdikdən və planlamanı tərtib etdikdən sonra agentura şəbəkəsinə diktələr edir, “Bizə hədəflər gətirin və bizə bağlantılar verin” deyə əmr verir.
Tomer bildirir ki, sahədəki operatorların hər biri öz operatoruna bir hədəf göndərir.
“Nəhayət, yuxarıdakı eşelonlardan biri deyir ki, bu hədəf digərindən daha yaxşıdır. Amma məndən hədəflərin növünü soruşsanız, bu, səfirlik ola bilər, iş adamı ola bilər”, - deyə Tomer qeyd edir.
Beləliklə, İran kəşfiyyatının iş qrafiki və hərəkət marşrutu üzrə xeyli aydın təəssürat yarana bilər. İranın kəşfiyyat planının miqyası böyük olduğundan onun icrası üçün xümslərdən əldə edilən gəlirlərin bir hissəsi bəs etmir.
Ona görə də böyük ehtimalla İran bütün mümkün pulköçürmə vasitələrindən istifadə edir. Ola bilər ki, İran pul köçürmələrini ya rəsmi kanallardan, ya da “Hizbullah”dan filtr kimi istifadə edərək həyata keçirir.
Aqşin Kərimov