Bayden süni intellekt barədə xəbərdarlıq etdi: “Təhlükəli ola bilər...”
ABŞ Prezidenti Co Bayden süni intellekt barədə xəbərdarlıq edib.
Bayden Ağ Evdə Prezidentin Elm və Texnologiya Məsləhətçiləri Şurası (PCAST) ilə görüşüb.
Görüşün məqsədi süni intellektin təqdim etdiyi imkanlar və risklərlə bağlı qiymətləndirmələr aparmaq olub.
Görüş zamanı Bayden bildirib ki, texnologiya şirkətləri süni intellektin yarada biləcəyi təhlükələrə görə məsuliyyət daşımalıdırlar. O, həmçinin qeyd edib ki, konqres də bu çərçivədə addımlar atmalıdır.
Onun sözlərinə görə, süni intellekt xəstəliklər və iqlim dəyişikliyi kimi problemlərin öhdəsindən gəlməyə kömək edə bilər, lakin eyni zamanda iqtisadiyyat və milli təhlükəsizlik üçün potensial risklər daşıma ehtimalı var.
Bayden vurğulayıb ki, texnologiya şirkətləri məhsullarını ictimaiyyətə təqdim etməzdən əvvəl onların təhlükəsiz olduğundan əmin olmalıdırlar.
“Sosial media bizə göstərdi ki, lazımi tədbirlər görülmədən güclü texnologiyalardan istifadə zərərli ola bilər”, - deyə o qeyd edib.
Bayden bu kontekstdə lazımi tədbirlərin görülməməsinin gənclərin psixi sağlamlığına, özünü qavramasına və duyğularına mənfi təsir göstərə biləcəyinə diqqət çəkib.
“Zamanla görəcəyik. Ola bilər...”, - deyə Bayden süni intellektin təhlükəli olub-olmadığı ilə bağlı sualı cavablayıb.
Mənbə: Haber Global