Oğuzda güclü külək kəndləri elektrik enerjisiz qoyub - YENİLƏNİB + VİDEO
Oğuz rayonunda güclü külək kəndləri elektrik enerjisiz qoyub.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında rayonda əsən şiddətli külək irigövdəli ağacı kökündən qopararaq elektrik naqillərinin üzərinə aşırıb. Nəticədə bir neçə kəndi elektrik enerjisi ilə təmin edən naqillər qırılıb.
Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayon ərazisindən keçən hissəsində irigövdəli ağacın elektrik naqillərini qırması nəticəsində Oğuz şəhərinin bir hissəsi, Calut-1, Calut-2, Bucaq, Muxas, Baş Daşağıl kəndləri və Malıx yaşayış məntəqəsinin elektrik enerjisi kəsilib. Elektrik enerjisinin kəsilməsi nəticəsində ümumilikdə 5 min nəfər işıqsız qalıb.
Aşan ağacın kəsilərək ərazidən təmizlənməsi və yaşayış məntəqələrinin elektrik enerjisi ilə təmin olunması istiqamətində işlər aparılır.
Hazırda Oğuz rayonunda güclü külək əsməkdə davam edir.
21:14
Biləsuvar rayonunda güclü külək bir sıra fəsadlara yol açıb.
Bu barədə “Report”un yerli bürosuna rayon sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, güclü külək Biləsuvar şəhərinin elektrik təsərrüfatına ziyan vurub, şəhərin bəzi əraziləri işıqsız qalıb.
Cəlilabad rayonunda da külək fəsadlar yaradıb. Belə ki, bir neçə dağlıq kənd işıqsız qalıb. Həmçinin güclü külək qurumuş ağacları aşırıb.
Hazırda elektrik enerjisinin verilməsində yaranmış problemlərin aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.
20:52
Daşkəsəndə internetin və elektrik enerjisinin verilişi bərpa olunub.
“Report”un məlumatına görə, rayonu internetlə təmin edən xətdə yaranmış problem həll edilib.
Qeyd edək ki, güclü külək nəticəsində rayonun bir hissəsində elektrik enerjisinin verilməsində də fasilə yaransa da, artıq yaranmış problem həll edilib və elektrik enerjisinin verilməsi bərpa olunub.
20:32
Bu gün axşam saatlarında ölkə ərazisində baş verən güclü külək ölkənin bəzi ərazilərində elektrik təsərrüfatına ciddi ziyan vurub.
“Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Mozalan.az-a açıqlamasında bildirib ki, hadisə nəticəsində Cənub və Qərb rayonlarında bəzi yerlərdə elektrik xətlərini sıradan çıxarıb:
“Ağdamda dam örtüyü və ağacların aşması nəticəsində elektrik xətləri sıradan çıxıb və nəticədə bir neçə yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi dayanıb. Həmçinin baş verən güclü külək Cənub rayonlarında da ciddi fəsadlar törədib. Hazırda qəza xidməti həmin ərazilərə səfərbər edilib. Yaranmış problemin aradan qaldırılması istiqamətində işlər görülür. Xidmət əməkdaşları ərazilərə elektrik enerjisinin verilməsinin bərpası istiqamətində işlər görür”.
19:21
Gədəbəydə bir neçə evin dam örtüyü dağılıb, elektrik təsərrüfatına ziyan dəyib.
“Report”un Qərb bürosunun məlumatına görə, axşam saatlarından başlayaraq əsən güclü külək nəticəsində Gədəbəy rayonunda və Şəmkirin bir neçə dağlıq kəndlərində elektrik təsərrüfatına ziyan dəyib, xətlər sıradan çıxıb.
Bir neçə evin dam örtüyü dağılıb.
Qeyd edək ki, elektrik enerjisinin verilməsində yaranmış problemin aradan qaldırılması istiqamətində müvafiq qurumlar tərəfindən işlər aparılır.
18:44
Daşkəsəndə güclü külək səbəbindən elektrik və internetin verilişində fasilə yaranıb.
“Report”un məlumatına görə, əsasən rayonun bir hissəsində elektrik naqillərinin sıradan çıxması nəticəsində elektrik enerjisinin verilməsi dayanıb.
Bir neçə saatdır yaranan problemin aradan qaldırılması istiqamətində işlər görülür.
Hazırda aidiyyəti qurumlar yaranmış problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirirlər.
Qeyd edək ki, rayon ərazisində küləkli hava şəraiti davam edir.