Şəhərdəki “kofeşop”ların sayı artır: Qəhvə sevgisi nə zaman yarandı? - ARAŞDIRMA + FOTO
“Qəhvə içmək ənənəsi məndə illərdir var. Gün ərzində bir fincan içirəm. Qəhvənin tibbi baxımdan insana enerji verdiyi iddia edilir. Mən və bir çox iş adamları üçün səhər qəhvəsi ritualdır. Günümüz olduqca sürətli və dolu keçdiyinə görə özümüzlə və fikirlərimizlə baş-başa qalmağa zaman olmur. Mənim üçün səhər qəhvəsi özümlə zaman keçirmə şansıdır. Qəhvə içmədiyim gün düşünürəm ki, özümə zaman ayırmamışam, sakitcə planlarımı düşünməmişəm. Bir gözəl fikir var: “Səhər qəhvənizə keçmişin xatirələrini deyil, gələcək ümidlərinizin şəkərini daxil edin”.
Bu sözləri “Kaspi” qəzetinə günə hər zaman bir fincan qəhvə ilə başlayan peşəkar idarəçi və biznes məsləhətçisi Fəxri Ağayev dedi.
F.Ağayevdə illərdir bu ənənə var. Amma ölkəmizdə qəhvə sevgisi yeni olanlar daha çoxdur. Qəhvə içənlərin sayı günü-gündən artır, bunun sayəsində son 2-3 ildə şəhərdəki “kofeşop”ların sayının da çoxaldığını müşahidə edirik.
“Kofeşop” sahibi Emil Kərimov deyir ki, gənc nəslin qəhvəyə marağı olduğu üçün bu içki növünə tələb get-gedə artır:
“Qəhvə içənlərin 90 faizdən çoxu 30-35 yaşdan aşağı şəxslərdir. Ondan yuxarı şəxslər çox azdır. Bir səbəb budur ki, gənclər qəhvəni sevirlər. Digər tərəfdən, zamanla qəhvə mədəniyyəti ölkəmizdə inkişaf edir. Böyük “kofeşop”ların bu sahənin genişlənməsində rolu oldu. Eyni zamanda, karantin dövründə “take away” (al-götür) yerlərindən alış-veriş artdı. Restoranlar bağlı idi, adamlar ayaq üstü yeyə, içə biləcəkləri qidaları alırdılar. Həmin dövrdə “kofeşop”lar da artdı”.
Barista (qəhvə hazırlayan) Pərvin Dunayoğlu deyir ki, əvvəllər də Azərbaycanda qəhvə içənlər var idi, amma indiki qədər deyildi:
“2018-ci ildən sonra bizdə geniş yayıldı. Arada pandemiya oldu, 2021-2022-ci illərdə çox sürətləndi. Hələ də davam edir. “Kofeşop” arzusu olanlar fəaliyyətə keçməyə başlayıblar. Kiçik “kofeşop” açmağa maraq göstərənlərin, barista olmaq istəyənlərin sayı da artıb”.
P.Dunayoğlu bildirdi ki, qəhvə ilə tanışlıq yarandıqca bu içkiyə maraq da artdı:
“Bir şəxs qəhvənin dadına baxır, bir neçə dəfə içəndən sonra davamlı istifadə etməyə başlayır. Alışqanlıq sadə qəhvə içməkdən zövq alanlarda daha çox olur. Əgər acı qəhvədən zövq alırsa, davamlı içir. Ancaq südlü qəhvələrə süd, sirop, şəkər vurulur, qəhvənin təbii dadı azalır”.
Barista yeni yaranan ənənə olduğu üçün bizdə acı deyil, südlü qəhvənin daha çox içildiyini də dedi:
“Südlü qəhvələr – “Kapuçino”, “Latte” daha çox istifadə olunur. “Espresso”, “Americano” sadə qəhvə olduğu üçün çox az içilir. Çünki qəhvə bizim ölkədə indi-indi geniş yayılır, insanlar hələ acı qəhvələrə o qədər də öyrəşməyiblər. Südlü qəhvələri test edirlər, dadına baxırlar. Belə davam edənləri daha çoxdur”.
Qəhvəni görüntü üçün içənlərin daha çox olması ilə bağlı fikir də səsləndirilir. P.Dunayoğlu bununla razılaşmır:
“Görüntü üçün olsa, adam arada-sırada bir dəfə içər. Davamı, gündəlik içənlər çoxalıb. Qəhvə qiymətləri 6-7-8 manatdır. Elə müştəri olur ki, gün ərzində 2-3 dəfə alır. Qiymət baxımından da görüntü üçün içdiklərini demək olmaz”.
Hətta bəzən gün ərzində 3-4 fincan və daha çox qəhvə içənlərə də rast gəlirik. Çayla bağlı deyimlərdə “3-ü bəsdir” deyirik. Bəs qəhvənin neçəsinə “bəs” deməliyik?
Şövkət İsmayılzadə qəhvə həvəskarlarındandır. Deyir ki, bir müddət çox içdiyi üçün sağlamlığında problem də yaranıb:
“Son 3 ildir ki, gündəlik qəhvə içirəm. Həm dadı xoşuma gəlir, həm də günə gümrah başlamaq üçün yaxşıdır. Sadəcə, bir müddət daha çox içdim. Günə 3-4 fincan olurdu. Ürək döyüntülərim artdı, həkim qəhvəni qadağan etdi. 2 həftə fasilə verdim, sonra yenidən başladım. İndi çox içməməyə çalışıram. Gündə 1, maksimum 2 fincan kifayət edir. Gündəlik çox su içirəm ki, bədənimdəki kofeini atsın”.
Diyetoloq Turxan Baratzadə bildirdi ki, normal miqdarda qəbul edəndə, qəhvə zehni açır, oyanıqlığı, enerjini artırır, alzheimerə qarşı faydalıdır, yağ yandırmağa köməyi olur. Ancaq normanın keçilməsi asılılıq yaradır:
“Qəhvəyə orqanizmə nə qədər kofein qəbul edilməsi kimi yanaşaq. Gün ərzində 300 milliqram kofein normaldır. Dəmindən asılı olaraq 1 stəkan çayda kofeinin miqdarı 40-80 qramdır. Qəhvədə isə təxminən 100 milliqram. Ancaq gündə 700 milliqramın üzərindədirsə, artıq asılılıq səviyyəsidir”.
T.Baratzadənin sözlərinə görə, bir adam “qəhvə içmədən oyana bilmirəm” deyirsə, deməli, qəhvə asılılığı yaranıb. Bu adamlar gün ərzində boş vaxtlarını kofeinli içkilərlə doldurmağa başlayırlar. Asılılıq isə siqaret çəkən insanlarda daha tez yaranır:
“Orqanizmdə nikotinlə birləşən kofeinin asılılıq yaratma ehtimalı daha yüksəkdir”.
Diyetoloq bildirdi ki, qəhvənin gündəlik normadan artıq içilməsi orqanizm üçün zərərli ola bilir:
“Davamlı çox içirsiniz, sonra içməyəndə, bu zaman baş ağrısı, yuxululuq, yuxusuzluq, əsnəmə, motivasiya əskikliyi, halsızlıq, əsəbilik, düşünmədə yavaşıma və s. olur. Bu da işə təsir edir. Adam qəhvə içməsə, işləyə bilmir. Gündəlik normadan çox qəbul edilirsə, asılılıq çoxdursa, bu, insanda xəstəliklər də yarada bilir. Kalsium əskikliyi, ürək ritmi pozğunluqları, qanda şəkərin və xolesterinin yüksəlməsi, mədə xorası riski, depressiya kimi xəstəliklərə də səbəb olur”.
T.Baratzadə qeyd etdi ki, qəhvə asılılıqdan qurtulmaq üçün ən yaxşı vasitə bitki çayları və su qəbuludur.
Qısası, qəhvə gözəldir, amma normasında. Bu halda faydasını görərik, nəinki zərərini.