Ömrünü Azərbaycan futboluna həsr edən Banişevskinin adını daşıyan “stadion” - FOTO
Bu gün Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin doğum günüdür.
Mozalan.az xatırladır ki, A.Banişevski 1946-cı il fevralın 23-də Bakıda kökü Polşaya gedib çıxan ukraynalının ailəsində dünyaya gəlib.
O, heç vaxt Azərbaycanı şöhrətə dəyişməyib və bu sədaqəti ilə azarkeşlərin sevimlisinə çevrilib. Banişevskinin dillər əzbəri olan, hazırda da “Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell Arena”dakı paltardəyişmə otağının qarşısına həkk edilən aşağıdakı frazası onun şəxsiyyətini aydın ifadə edir:
“Əgər yenidən seçim qarşısında qalsaydım, tərəddüd etmədən futbolu, sonsuz minnətdar olduğum Bakını və futbolda həyatım boyu sadiq qaldığım “Neftçi”ni seçərdim”.
Şəkərli diabetdən əziyyət çəkən Anatoli Banişevski 1997-ci il dekabrın 10-da Bakıda vəfat edib. Ömrünü Azərbaycan futboluna həsr edən Banişevski sanki unudulub. Ara-sıra onun adının stadionlardan birinə verilməsi məsələsi aktuallaşsa da, indiyə qədər ortada nəticə yoxdur.
Əslində, Banişevskinin adını daşıyan stadion var. Yaxud da var idi. Söhbət Masallı şəhər stadionundan gedir. Bir vaxtlar “Viləş”in rəqiblərini qəbul etdiyi arenaya indi stadion demək üçün 100 şahid lazımdır.
Oradakı hazırkı vəziyyəti təsvir edən fotolardan özünüz də bunu görəcəksiniz:
Vüqar Verdiyev